
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi Stiven Cerrardın istefası ilə bağlı detallar məlum olub.
Sportinfo.az “Daily Record”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis 2025-ci ilin yanvarında komandadan ayrılmaq üçün 11,8 milyon avroluq əhəmiyyətli bir bonusdan imtina edib.
Bu addımı Cerrard öz nüfuzuna zərər vurmamaq üçün atıb.
Onun qərarı, klubun Səudiyyə Ərəbistanı Pro Liqasından düşmək ehtimalı ilə bağlı narahatlığı ilə əlaqəlidir. Belə bir hal baş verərsə, bu, onun məşqçilik karyerasına mənfi təsir göstərə bilərdi.
“Aston Villa” və “Reyncers” klublarında çalışmış Cerrard, məşqçi kimi imicinə xələl gətirə biləcək vəziyyətlərdən qaçmağa çalışır.
Məlumata görə, Cerrard artıq Şotlandiyaya qayıdışı nəzərdən keçirir və “Reyncers”də baş məşqçi postu üçün namizədlərdən biri hesab olunur.