
20 yaşında “Qarabağ”la çempionluq sevinci yaşayan, U-19 millimizin şərəfini qoruyan, “Səbail”in heyətində Premyer Liqada 65 oyunda meydana çıxan Ruslan Hacıyev cari mövsümün əvvəlində II Liqada top qovur.
Bir vaxtlar ölkənin ən istedadlı gənclərin hesab olunurdu, gələcəyinə böyük ümidlər bəslənirdi. Lakin...
Ötən bazar “Şəfa”yla “Şahdağ Qusar” arasında baş tutan oyundan sonra məyus olanlardan biri də Ruslan idi. Heç-heçədən təsirlənən yarımmüdafiəçiyə ən çox təsir edən oyununun istədiyi kimi alınmamasıydı.
Hacıyev Sportinfo.az-a müsahibədə sualları cavablandırdı.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Çox istəkli idik. Lakin onlar bizdən daha istəkli görünürdüər. Oyunumuz heç cür alınmadı. Halbuki meydana qələbə və çempionluq əzmi ilə çıxmışdıq. Bu günə qədər taleyimiz öz əlimizdəydisə, bundan sonra onların əlində olacaq. Həm qələbə qazanmalıyıq, həm də “Şahdağ Qusar”ın məğlub olmasını gözləməliyik.
- Qonaq azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar. Sanki “Şahdağ” Bakıda yox, Qusarda oynayırdı.
- Tək Qusardan gələnlər yox, bizim azarkeşlər də çox yaxşı dəstək verdilər. Hər birinə təşəkkür edirəm. Sadəcə qusarlı azarkeşlər daha səs-küylü və çılğındırlar. Açığı, tribunalarda bu cür ab-havanın olması xeyrimizə idi. Belə atmosferdə oynayanda istər-istəməz motivasiya alırsan, qələbə qazanmaq hissi artır.
- Cari mövsümün ilk yarısını “Şahdağ”da keçirdiyini nəzərə alsaq, qusarlı azarkeşlərdən özünə qarşı təzyiq hiss edirdin?
- Heç bir problem olmadı. Sağ olsunlıar, həmişə necə hörmətlə yanaşıblarsa, bu dəfə də elə. Mən də öz növbəmdə “Şahdağ”a və azarkeşlərinə uğurlar arzulayıram.
- Öz oyununun da istədiyin kimi alınmadı. Ümumi ansambldan geri qalırdın sanki. Səbəb nə idi?
- Bəli, heç cür alınmadı. Bəlkə də qələbəni daha çox istəməyim məni “yandırdı”. Çünki neçə gündür yalnız qələbə barədə düşünürdüm, çempionluğu arzulayırdım.
- “Şahdağ”lı futbolçuların tez-tez yerdə qalması da oyun ritminizi pozurdu sanki.
- Əlbəttə, bu kimi hallar pis təsir edir. Ancaq bu, futboldan öyrəşdiyimiz şeydir. Onlara 1 xal sərf edirdi. Bəlkə onların yerində biz olsaydıq, eyni cür davranardıq. Biz vaxtında qol vursaydıq, vaxtı uzaqda bilməyəcəkdilər. Özümüz onlara bu şəraiti yaratdıq.
- “Qarabağ”, Premyer Liqa, U-19 millisi və bu gün II Liqa. Keçmişə boylanırsan?
- Əlbəttə, hərdən yadıma düşür. Səbəblər müxtəlifdir. Həm məndən asılı olan, həm də başqa amillərin rol oynadığı səbəblər var. Bu mövzuya başlasaq, gərək günlərlə danışaq. Bu gün II Liqadayamsa, bunun məsuliyyətini dərk etməli, “Şəfa”yla birlikdə Premyer Liqaya yüksəlmək üçün çalışmalıyam.
- Üzləşdiyin vəziyyəti günlərlə danışmadan qısa şəkildə şərh edə bilərsən?
- Həm özümlə, həm də Azərbaycan futbolu ilə bağlıdır. Bizdə elədir ki, I Liqaya düşdünsə, Premyer Liqaya qayıtmaq çətin olur. Ona görə də müəyyən çətinliklər yaranır.
HƏBİB