
“Səbail” mövsümdə ikinci qələbəsini son çempion “Qarabağ” üzərində qazandı.
Bayıl təmsilçisi 0:1 geri düşdüyü matçda geridönüş edərək əzmkar qələbə qazanmağı bacardı – 2:1.
Qarşılaşmada vurulan ikinci qol müəyyən şübhələrə yol açdı.
Söhbət “Səbail”in bərabərlik qolundan gedir.
Küncə zərbəsindən gələn ötürmədən sonra Aleksandr Ramalinqomun vurduğu zərbə sonrası top ağdamlıların yarımmüdafiəçisi Julio Romaodan qayıtdı.
VAR-a baxan baş hakim Kamranbəy Rəhimov tərəddüd etmədən penalti nöqtəsini göstərdi.
Əvvəla, bir neçə təkrara baxsaq da braziliyalı futbolçunun əllə müdaxiləsini aydın görmək mümkün olmadı.
Tutaq ki, əllə müdaxilə var, sadəcə efirə gedən kadrlarda aydın görünmür.
İşin digər maraqlı tərəfi odur ki, mövsümün arxada qalan matçlarında hakimlərin fiti oxşar epizodlarda susub.
Ən azı iki misal çəkə bilərik. Hər iki hadisə də “Sabah”ın matçında və onların əleyhinə yaşanıb.
Söhbət Premyer Liqanın 4-cü turunda “Neftçi” ilə bərabərliklə bitən (1:1) qarşılaşmanın son dəqiqələrində topun “ağ qaralar”ın yarımmüdafiəçisi Qara Qarayevin və 5-ci turda “Zirə”yə məğlubiyyətin qeydə alındığı görüşün (0:1) ikinci yarısında “Zirə”nin legioneri Pierre Zeblinin əlinə dəydiyi epizodlardan gedir.
Təqdim edəcəyimiz videolarda görəcəksiniz ki, aşağı-yuxarı oxşar epizodlardı.
Amma hakimlər fərqli qərarlar verib.
Bundan isə əziyyət çəkən klublardı.
“Qarabağ”la oyundakı penal düzgündürsə, deməli “Sabah”ın iki matçda haqqı yeyilib.
Yox, belə epizodlara penal vermək yanlışdısa, “Qarabağ”ın narazılıq etməyə haqqı var.
Mövsüm hələ yeni başlayıb.
Ümid edək ki, heç olmasa sezonun sonrakı bölümündə hakimlər daha diqqətli olacaqlar.
Oxşar epizodlara fərqli qərarlarla qarşımıza çıxmayacaqlar.
Bu gün narazılıq pik həddə olmaya bilər, amma mövsümün sonuna yaxınlaşdıqca fərqli münasibət klubları haqqlı olaraq ayağa qaldıra bilər.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: