"Samir Abasov strategiyanı düzgün seçmədi, tələsdi"

1 Mart 2021 16:00 Premyerliqa 638
"Samir Abasov strategiyanı düzgün seçmədi, tələsdi"

«Pro» kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 17-ci turunun «Qəbələ» - «Sumqayıt» (1:0) və «Zirə» - «Neftçi» (1:0) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

«Qəbələ» - «Sumqayıt»
Keçən oyun "Neftçi"dən 90+5-ci dəqiqədə buraxılan qol göstərir ki, "Qəbələ" pis deyil. Yığılan oyunçular komandanın adını layiqincə saxlaya bilir. Elmar Baxşıyevin hakimlərin penal verməməsi ilə bağlı narazılığı vardı. Mənə görə, bu, düz yanaşma deyil. Komanda ümumi pis çıxış etmir. Mübariz kollektivdir. 11 metrə vurmadan da qalib gəlməyə qadirdilər. "Neftçi"yə qarşı çox gözəl çıxış etmişdilər. Deyərdim ki, ərazi üstünlüyü "Qəbələ"nin tərəfində idi. "Sumqayıt"la oyunda da bunu sübut elədilər. Və haqlı olaraq, 1:0 hesabı ilə qalib gəldilər. 19-cu dəqiqədə vurulan qol oyundankənar vəziyyət idi. 38-ci dəqiqədə penalti epizodi oldu. Orada da penalti yox idi. 51-ci dəqiqədə Ceyms Adeniyinin ustalığı sayəsində qol vuruldu. O, bu komandanın lideridir. Asif Məmmədovun, Anar Nəzirovun çıxışını xüsusi qeyd etmək olar. Çox futbolçu adı çəkmək olar. Amma adını çəkdiyim futbolçular da yetərlidir ki, "Qəbələ"nin yükünü çiyinlərində darta bilirlər. Bu dəfə də çox gözəl oyun keçirdilər. Bir epizodu qeyd etmək istərdim: 89-cu dəqiqədə mənə elə gəlir ki, hakimlər briqadası kobud səhv elədi. "Sumqayıt"ın qapısına 100%-lik penal idi. Səbuhi Bayramov epizodu gözündən yayındırdı. "Qəbələ" layiqli qələbə ilə göstərdi ki, bütün komandalara qarşı oynaya bilər. Hakimlər həmin penal epizodundan başqa, demək olar ki, kobud səhvlə yadda qalmadı. Referi oyunun axarını pozmadı. "Qəbələ"nin qələbəsinə tam əmin idi. Oyunun sürətin aşağı salmadığı üçün bu da bağışlanandır. "Sumqayıt"ı son 2 turdu həqiqətən tanıya bilmirəm. "Sumqayıt" özünə yad bir sistemdə futbol oynamağa başlayıb. Ayxan Abbasov müdafiə yönümlü futbol oynatmağa başlayıb. Əvvəlki oyunlarda rəqib "Neftçi" və "Qarabağ" olsa da, ilk dəqiqələrdən hücuma atılar, çoxlu qol epizodu yaradırdılar. Komanda bu oyun çox şeylə yadda qalmadı. "Sumqayıt" sanki yerində saymağa başlayıb. Ola bilər ki, kubokda "Səbail" üzərindəki qələbədən sonra bir qədər arxayınlıq yaranır. Belə arxayınlıq böyük ölçüdə komandanın uğursuzluğuna səbəb ola bilər. Ayxan Abbasov və məşqçilər korpusu bunun qarşısını tez almalıdır. Belə davam etsələr, qarşıdakı turlarda da "Sumqayıt" xal və xallar itirməyə məcbur olacaq. Baxmayaraq ki, "Qarabağ"la qolsuz heç-heçə etdilər, komandanın oyunu ürəkaçan olmadı. Belə sönük oyunu Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"da izləməmişdim. Böyük bir məyusluqla oynadılar. İlk 15-20 dəqiqədə, hiss olunurdu ki, "Qəbələ" qələbə qazancaq. Çünki çox istəkli meydana çıxmışdılar. Gələcək oyunlarda həm Ayxan Abbasov, həm də Elmar Baxşıyevə uğurlar arzu edirəm.

«Zirə» - «Neftçi»
İki ardıcıl oyunda "Zirə"nin itirdiyi 4 xal çempionluq və avrokuboklar yolunda çox böyük itkiydi. Bilirik ki, Rəşad Sadıqov komandanı yeni yığıb. Demək olar, onun baxışı və istəyilə sıfırdan yığılan kollektivdir. Heyət çox gözəl yığılıb. Ötən iki turda heç nədən 4 xal itirdilər. Ancaq komandanın potensialı görsənir. Oyun üslubu ürəkaçandır. Məhz Elvin Camalovun, Ağabala Ramazanovun, Qısmət Alıyevin, Riçard Almeyda və David Volkovun oyunu hər zaman seçilir. Öz liderliklərin göstərə bilirlər. Düzdür, bəzi oyunçular cavandı, amma buna rəğmən, liderliklərin göstərirlər. Son oyunlar göstərir ki, "Neftçi" üçün münasib olmayan rəqib "Zirə"dir. Bu rəqibə qarşı oyunları çətin alınır. Əvvəl bildirmişdim ki, ola bilər, Rəşad Sadıqov digər oyunlarda rəqibləri düzgün qiymətləndirməyib. Amma bu oyunda rəqibi çox gözəl analiz eləmişdi. Rəşad Sadıqov "Neftçi"nin "Qarabağ"la arasındakı xal fərqini artırmaq üçün ilk dəqiqələrdən irəli atılmasını gözləyirdi. Meydana buraxdığı heyət özünü doğrultdu. Ağabala Ramazanov və David Volkovun sürətindən düzgün istifadə etdi. Almeydanın ustalıqla verdiyi ötürmədən sonra Volkovun fərdi ustalıq hesabına vurulan qolla "Neftçi"ni məğlubiyyətə uğratdılar. Rəşad Sadıqovun etdiyi dəyişiklərlə "Zirə" sonrakı dəqiqələrdə hesabı qoruyub, lazım olan qalibiyyəti aldı. Samir Abasov bu oyunda strategiyanı düzgün seçmədi. İlk dəqiqələrdə qol vurmağa çalışdılar. Bəli, bu gün turnir cədvəlinə baxanda, öz liderliklərin sürdürmək istəyirdilər. Amma mənə elə gəlir ki, Samir bir qədər tələsdi. Bu tələskənlik komandanın məğlubiyyətinə yol açdı. O, bəyəndiyimiz məşqçilərdəndir. "Neftçi" çox istəkli görsənirdi. "Qarabağ"la oyunu çıxmaq şərtilə komanda hər zaman oyunu meydanın mərkəzinə və ya hücum xəttinə keçirir. Abasov müdafiədə oynamağı sevmir. Bu da ürəkaçan bir haldır. Ümumilikdə, "Neftçi" pis təsir bağışlamadı. Namiqin, Mbodjun, Kanenin, Stankoviçin, Monrozun oyunun çox bəyəndim. Krivotsyuk hücumlara çox yaxşı qoşulurdu. Emin Mahmudov öz liderliyini yenə qoruyurdu. Sabir Buqrin yeni baş məşqçinin gəlişindən sonra özünü çox rahat hiss edir. Digər oyunlarda da özünü yaxşı göstərib. Ahmed Ahmedov nə iləsə yadda qalmır. Pis hücumçu deyil, komandaya uyğunlaşması üçün ən azı 4-5 oyun lazımdır. Mənə elə gəlir ki, yaxşı oyunu ilə "Neftçi"yə öz töhfəsini verəcək. Ümumilikdə, oyun çox zövq verən oldu. Bunu hamı gözləyirdi. İlk «üçlük»də olan komandalar avrokuboklara vəsiqəni demək olar həll ediblər. Bu, inandırıcı və gözləniləndir. Hamı tərəfindən bu oyunu derbi kimi qiymətləndirmək olar. Bu oyuna iki məşqçi arasında olan savaş, mübarizə deyərdim. Rəşad Sadıqov düzgün seçimlə bu oyunda qalib gəldi. Əliyar Ağayevin başçılıq elədiyi hakimlər briqadası çox gözəl oyun idarə etdi. Bir penal epizodu oldu, onda da «davam» işarəsi verdi. Əliyar epizoda yaxın idi. Məncə, haqlı olaraq penaltini vermədi. O epizoda penal vermək olmazdı.

Digər Xəbərlər
Xəbər Lenti