COP29

“Netçi” səndən daha böyükdür” – FOTO

30 Sentyabr 20:00 Neftçi 1 748
“Netçi” səndən daha böyükdür” – FOTO

“Sumqayıt”la oyundan sonra gözüm təsadüfən bu yazıya sataşdı.

Şəkildə gördüyünüz yer “Neftçi Arena”nın dəhlizidir.

İki komandanın futbolçuları meydana daxil olmamışdan əvvəl məhz burada toplaşıb ətrafa göz gəzdirir və hakimlərin arxasında qazona ayaq basırlar.

Lövhədə “Neftçi” səndən daha böyükdür” yazılıb, cümlənin sonuna da nida qoyulub ki, kiminsə şəkki-şübhıəsi olmasın. Həm də iki dildə, azərbaycanca və ingiliscə.

İdeyanı fikirləşənlər, əslində, bunu rəqib futbolçuların “gözlərinin odunu” almaq üçün ediblər. Yəni bura elə-belə yer deyil, “Neftçi”nin meydanıdır. Xaricdə-zadda yazırlar e, “cəhənnəmə xoş gəldiniz”, bax, ondan.

Təəssüflər olsun ki, lövhədəki şüar illərdir aktuallığını itirib. Böyük olan ona yaradılan şərait, uğrunda xərclənən pullar və ağ-qara rənglərə könül verən azarkeşləridir. Vəssalam.

Komanda yox kimi bir şeydir. Əsası bir neçə il əvvəl qoyulan uğursuzluq hələ də davam etməkdədir.

“Neftçi” çempionatdakı rəqibləri üçün xal mənbəyi statusunu layiqli şəkildə yaşadır. İddialılar onu udur, digərləri də 1 xalını götürüb gedir.

Lövhədəki dırnaq işarələri var, onları silsələr, cümlə məntiqli əsasa söykənəcək. Bu gün böyük olan “Neftçi” yox, neftçidir.

Buruqlarda, yataqlarda gəmilərdə gecəsini-gündüzünə qatıb neft çıxarmaq üçün çalışanlar, həyatları bahasına riskə gedib ölkəyə milyardlar qazandıran neftçilər.

Onların zəhmətinin nəticəsi hesabına “Neftçi” ayaq üstə dayanır, yerli və əcnəbi məşqçi-futbolçular böyük pullar qazanır. Bax, onlar hamıdan böyükdür. Qazandıqları da halal-halal xoşları olsun.

Təəssüf ki, “Neftçi”nin digərlərindən böyük olduğu günlər keçmişdə qalıb. Bundan sonrası çətin görünür.

Hələlik çıxarın o lövhəni oradan. Komanda iddiasını geri qaytaramda yenidən yapışdırarsınız.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti