“Neftçi”nin üzləşdiyi durum ağ-qara rənglərə könül verənlərin narahatlığına səbəb olub.
“Zirə”ylə məğlubiyyətdən sonra (0:2) bir qrup stajlı fanatın rəhbər şəxslərə yaxınlaşıb, mövcud duruma görə etirazını aşkar formada bildirməsi düz gözlərimizin qarşısında baş verdi.
Klubun xüsusi çəkiyə malik “Forza Neftçi” azarkeş qrupu da yaşananlarla barışa bilmir.
Sözügedən fanat ordusu sosial şəbəkə platformalarında maraqlı paylaşımla diqqət çəkib:
“Bizi yaxşı tanıyırsız. Bütün ölkəyə azarkeşlik etdiyi komandanın pis günündə necə yanında olmağı məhz biz öyrətmişik. Yaxşı günlər görmüşük, yaşamışıq, amma nə baş verirsə-versin, həmişə yanında, arxasında dayanmışıq.
Atdığımız addımların, etdiyimiz hərəkətlərin hər birini sadəcə və sadəcə “Neftçi” üçün etmişik. Tarixinin ən pis günlərini yaşasa belə, biz yenə ona sahib çıxmışıq, bundan sonra da çıxacağıq.
Çöküşün, uçurumun bir addımlığında olan komandamızı xilas etmək və bu gedişata son vermək üçün son dəfə əlimizi uzadırıq.
Biz heç vaxt bu klubun ətrafda məzə obyektinə çevrilməsinə icazə verməyəcəyik. Kimlərsə razılaşa, qəbullana, hətta bu vəziyyətlə barışa bilər. Amma bu, bizə aid olmayıb, olmayacaq da.
Bu komanda ya yüksək yerdə olacaq, ya da olacaq. İstisnadan söhbət belə gedə bilməz.
Qəlbi “Neftçi” və “Forza Neftçi” ilə döyünən hər bir kəsi gözləyirik. Fərqinizi anlayın! Gəlib ölkənin ən böyük klubuna sahib çıxın!”
HƏBİB / SPORTİNFO.AZ

