Yeddi həftə qələbəsizlik…
Bu, sözün bitdiyi yerdir.
Daha nə deyəsən, nə yazasan..?
Premyer Liqada ilk dövrənin başa çatmasına cəmi 2 tur qalıb, «Netfçi»nin qalibiyyət xanası hələ də 0-ı göstərir.
Getsinlər bu günlər, bir də gəlməsin.
Gerçəkdən də klubun rəhbərliyində fil səbri var. Roman Qriqorçuka, onun futbolçularına bir belə etimad göstərməyə dəyərmi?
Açığı, mən artıq 2-3 həftədir bu haqda çox fikirləşirəm. Ha düşünüb-daşınıram, yekun bir nöqtəyə gəlib çata bilmirəm.
Qriqorçuk yaydan bəri bir ucdan yeni futbolçular aldırır.
Hansı biri müqaviləyə imza atıb, baş məşqçi çıxıb barələrində tək-tək açıqlama verib. hamısını o ki var tərifləyib, səviyyəli oyunçu olduğunu söyləyib, komandanın keyfiyyətini qaldıracağına dair əmin-əmin danışıb.
Yeddi tura 4 xal toplayan «Neftçi» turnir cədvəlinin «zirzəmi»sində yerləşib.
Ukraynalı Qriqorçukun təyinatıyla çıxışa keçəcəyi, çempionluq yarışmasına qatılacağı gözlənilirkən, təhlükəli zonaya yuvarlanmağı hələ də ağlım almır, səbəb tapammıram.
Qriqorçuk bu nə oyunçulardır aldırıb, bu nə futboldur oynadır, çaşıb qalmışam. Məncə, özü də artıq nə edəcəyini, necə edəcəyini bilmir, başını itirib.
Ziyanın yarısından dönməyin vaxtı çatıb. Uzaqbaşı, bir-iki tur da möhlət verib, bu macəranın istiqamətini müəyyənləşdirmək olar. Ta ondan o yana yox.
ELNUR

