Adriant Mutunun "Neftçi"yə təyinatı birmənalı qarşılanmadı. Haqlı səbəbləri vardı.
O getdi, yerinə Miodraq Bojoviç təyinat aldı.
Bu dəfə monteneqroluya güvən birmənalı olmadı.
Hər iki halda da sonluq ictimaiyyətin haqlı olduğunu göstərdi.
Nəhayət, uzun aradan sonra "ağ qaralar"ın baş məşqçi postuna əksəriyyətin razı qaldığı sima - Roman Qriqorçuk gətirildi.
Ümidlər böyüdü, gələcək işıqlı görünməyə başladı.
Axı ukraynalı çox yaxın tarixdə "Qəbələ" ilə ölkəmizdə xariqələr yarada bilmişdi.
Amma arxada qalan 2 ay tam əks mənzərəni gözlər önünə sərdi.
Bu gün Romanın "Neftçi"si hətta Mutunun kollektivindən daha bərbad təsir bağışlayır.
Təbii ki, ilk günahkar baş məşqçidir. Məsuliyyət onun boynundadır. Lakin kimlərsə hər vəchlə günahı rəhbərliyin boynuna yıxmağa çalışır.
Razıyam, "Neftçi" son illər idarəetmədə ciddi problemlər yaşayır. Qərarlarda böyük xətalara yol verilir.
Amma bir də məsələyə başqa pəncərədən baxaq.
Bunları Qriqorçuk görmür? Və ya hansı şərtlərlə çalışacağını bilmirdi?
Təbii ki, bilirdi. Bir müddət əvvəl oyunçu transferi ilə bağlı əcnəbi çalışdırıcının verdiyi açıqlama gündəm oldu.
Həqiqətən, transferlər birbaşa onun təqdim etdiyi siyahı ilə aparılsa yaxşı olar.
Amma bu gün Qriqorçuk klubda yuxarı vəzifədə oturanların tutduğu siyahıdan oyunçu seçmək məcburiyyətindədir.
Bu məsələdəki yanlışın içində gizlənən başqa həqiqət var.
Məgər edilən transferlər zəifdir? Bunu iddia edənin futbol anlayışına şübhəm var.
Axı Robert Bauer, Mustafa Sek, Dembo Darbo, Ramil Şeydaev, Andrey Ştoqrin kifayət qədər sanballı futbolçulardır.
Daha əvvəldən isə Yuri Matias, Emin Mahmudov, Kilan Lebon kimi simalar heyətdə yer alır.
Bunun fonunda meydanda hansısa sistem görmürük.
Ən azından 1 aya yığılan "Şamaxı"nı, "Səbail"i udmaq Qriqorçukun borcu idi.
Sanki onun bu qədər bacarıqsızlığını hansısa formada müdafiə etməyə çalışırıq.
Sanki o, hər şeyi düz edir, rəhbərlik ara qarışdırır.
Amma bu heyətlə göstərilən oyun tərs mütənasibdirsə burada yeganə günahkar baş məşqçidir.
Axı hər şeyi öz adı ilə çağırmaq daha gözəldir.
Məncə, arxada qalan iki ayda Qriqorçuk mətbuatdan, azarkeşlərdən, rəhbərlikdən yetəri qədər dəstək gördü. Lakin zərrə də qarşılığını verə bilmədi.
Bu, hər nə qədər acı olsa da həqiqətdir.
XANOĞLAN İMANOV