Bu komanda niyə ŞOK yaşa(t)dı? – “Günahı özümüzdə axtarmalıyıq”

4 İyun 23:00 Qəbələ 205
Bu komanda niyə ŞOK yaşa(t)dı? – “Günahı özümüzdə axtarmalıyıq”

“Qəbələ”nin elitadakı yerini qorumaq uğrunda “Mingəçevir”lə pley-off matçına çıxması çoxlarını təəccübləndirdi.

Halbuki bölgə təmsilçisinin heyətindəki futbolçuların keyfiyyəti və komandanın sərgilədiyi oyun mövsümü orta sıralarda başa vurmağa imkan verirdi.

Hətta çempionatın gedişində “qırmızı-qaralar”ın mövsümü ən pis halda 8-9-cu pillələrdə başa vuracağını təxmin edənlər vardı.

Çünki “Qəbələ” əsas rəqibləri olan “İmişli”, “Şamaxı” və “Kəpəz”dən heç də pis futbol sərgiləmirdi. Əksinə, baxımlılığa görə onları üstələyirdi.

Çempionatı 11-ci yerdə başa vurmağa nə səbəb oldu? “Qəbələ”də nə çatmadı? Bu cür gedişat gözlənilən idi?

Komandanın əsas heyət üzvlərindən olan İsaak Amoah Sportinfo.az-ın suallarını cavablandırıb:

“Ən böyük problemi çempionatın əvvəlində yaşadıq. Özünüz də bilirsiniz ki, yay fasiləsində komandaya çox sayda yeni futbolçu cəlb olunmuşdu.

Mövsümə hazırlaşmaq üçün təxminən bir ay vaxtımız var idi. I Liqadan Premyer Liqaya qayıdan komanda olaraq daha yaxşısını etməyə çalışırdıq.

Lakin mühitə, çempionata və bir-birimizə uyğunlaşmağa müəyyən qədər vaxt itirdik. Həmin ərəfələrdə lazımsız xallar itirdiyimizi və rəqibləri özümüzdən irəli buraxdığımızı düşünürəm.

Qış fasiləsindən sonra yaxşı başlamışdıq. Ardıcıl iki qələbədən sonra daha yaxşı olacağına ümid edirdim.

Ancaq yenə də səhvlər etdik, haqq etmədiyimiz yenilgilər aldıq. Günahı özümüzdə axtarmalıyıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti