Pərən-pərən düşdülər - KİM KİMDƏN KÜSÜB?

21 Sentyabr 2024 21:00 Neftçi 1 883
Pərən-pərən düşdülər - KİM KİMDƏN KÜSÜB?

Futbolda uğura aparan meyarlardan biri də sağlam mühitin olmasıdır.

Bu gün "Neftçi"də həmin bağlar qırılıb.

Şamaxı səfərində gördüklərim belə düşünməyə əsas verir.

Görmüşük ki, klub rəhbərliyi matçları bir yerdə izləyər. Lazım olanda meydanda başverənləri birgə müzakirə edər.

Düzdü, "Neftçi"də rəhbər o qədər çoxdur ki, bir yerdə izləmək imkanları məhduddur.

Onda gərək keçələr azarkeşlər üçün ayrılan sektorlardan birinə.

Amma qəribəsi odur ki, yanaşı oturmaq fürsəti olanlar da bundan imtina etmişdilər.

Baş icraçı direktor Cenk Sümerlə idman direktoru Yens Andersonun yanaşı oturması üçün Şamaxı şəhər stadionunda yetərli şərait vardı.

Amma hər iki əcnəbi mütəxəssis təxminən 1 metrlik məsafədə olmaqla ayrı-ayrılıqdı görüşü izləmək yolunu seçmişdilər.

90 dəqiqə ərzində bir dəfə olsun hansısa müzakirə apardıqları görünmədi. Sanki bir-birini tanımır kimi davranış sərgilədilər.

Söhbət klubun yükünü çəkməli, bir-biri ilə daim komunikasiya qurmaq məcburiyyətində olan iki səlahiyyətli şəxsdən gedir.

Transfer məsələlərinə cavabdeh şəxslərdən biri olan Kamil Məmmədov isə ümumiyyətlə hər iki əcnəbi funksionerdən də uzaqda əyləşmişdi. Ətrafında da çox sayda "Neftçi" əməkdaşı.

İnsafən, Sümer və Anderssona nisbətdə Kamil bəy epizodlara aktiv reaksiya verirdi.

Xüsusilə də Andrey Ştoqrin hər dəfə topu itirəndə klub rəsmisi böyük canfəşanlıqla öz narazılığını göstərirdi.

Ukraynalı legioner baş məşqçinin şəxsi istəyilə kluba gətirilən yeganə futbolçudur.

Görünür, hər dəfə Ştoqrinin səhvlərinə aqressiv reaksiya verməkdə məqsəd "Baxın, bu da Qriqorçukun şəxsi istəyilə gətirilən yeganə futbolçunun bərbad durumu" görüntüsü yaratmaq idi.

Halbuki digər gəlmələr də ukraynalıdan ciddi nə iləsə fərqlənmirdi. Lakin tanınmış menecerin münasibəti fərqli idi.

Kənardan görünən odur ki, klubdaxili mühit bərbaddır.

Türkiyəli isveçli funksionerlə yola getmir.

Azərbaycanlı funksioner özü gətirdiyi futbolçuların müdafiəsi üçün can atır.

Qısası, şəxsi maraqlar ən üst səviyyədə artıq kənardan da aydın sezilir.

"Neftçi"nin taleyi isə bu adamların heç birinə maraqlı deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti