“Turan Tovuz”un futbolçusu Premyer Liqanın başqa klubunun şərəfini qoruya bilərmiş.
Bölgə təmsilçisinin uğurları üçün tər tökən CAR millisinin üzvü və vitse-kapitanı Xulu Siyanda yayda Azərbaycanın köklü klubundan təklif alıb.
Ona təklif göndərilib, danışıqlar olub, lakin sövdələşmə son anda baş tutmayıb.
Siyanda Sportinfo.az-a açıqlamasında həmin klubun adını çəkib, 4 ay əvvəl yaşanmış hadisə ilə bağlı danışıb:
“Tanıdığım agent var, “Neftçi” ilə əməkdaşlıq edir. İyunda o mənə “Neftçi”yə keçməyi təklif etmişdi.
Həmin vaxt Avropa Konfrans Liqası öncəsiydi, onlar müdafiəçi axtarırdı. Azərbaycan çempionatı ilə bağlı lazımi məlumatlara sahib deyildim deyə, düşünüb qərar vermək üçün 2-3 gün vaxt istədim.
Düşünüb qərar verəndən sonra eşitdim ki, “Neftçi” başqa futbolçu ilə anlaşıb. Ona görə də keçidim baş tutmadı”.
Vaxtilə Rusiya Premyer Liqasında “Rostov”un, İsrail elitasında “Hapoel”in (Təl-Əviv) formasını geyinmiş 30 yaşlı futbolçu cari mövsümdə “Turan Tovuz”un heyətində 6 oyunda 406 dəqiqə meydanda olub.

