“Kəpəz” – “Neftçi” matçından sonrakı mətbuat konfransında (0:2) qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf qayğılı idi.
“Ağ-qaralar” qalibiyyətə sevinsə də, sərgilənən oyun rumın çalışdırıcını tam razı salmamışdı.
Burada əsas səbəb heyətdə zədəli futbolçuların çoxluğu idisə, özü və yetirmələri ilə bağlı olmayan əsas qazonla əlaqələli idi.
Açıqlaması bu cür olmuşdu:
“Otun hündürlüyü standartlara uyğun deyildi. Normadan artıq idi. Belə olduğu halda top rahat hərəkət etmir, sürəti azalır”.
Boğaza qədər problemlərin mövcud olduğu Gəncə şəhət stadionunda yeganə ürəkaçan məqam meydanın durumudur ki, Regekampf örtükdən şikayətlənməklə ağıllarda sual yaratdı.
Məgər otun hündürlüyü, normala cavab verib-verməməsi oyundan əvvəl yoxlanılmır? Yoxsa problemi aradan qaldırmaq mümkünsüz olub? Olmaya rumın mütəxəssisin söylədiyi fikir əsassızdır?
Çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının icraçı direktoru Elgiz Abbasov Sportinfo.az-a açıqlamasında Laurentsiu Regekampfın iradına münasibət bildirib:
“Oyundan öncəki son məşqdə “Neftçi” klubunun köməkçi məşqçilərindən biri otun hündür olması ilə bağlı bizə bildirdi. İradı haqlı idi.
Oyun günü səhər meydan oyuna tam hazır vəziyyətə gətirilmişdi və hündürlük standartlara uyğun idi.
Həmin məşqçiyə isinmə hərəkətləri zamanı yaxınlaşıb dünənki iradın aradan qaldırıldığını və fikrini soruşdum. Dedi, indi hər şey qaydasındadır”.
Elgiz bəyin açıqlamasından sonra Regekampfın yalan danışdığını anlamaq çətin deyil.
Ya da köməkçi otun hündürlüyü ilə bağlı bir, baş məşqçi isə başqa cür düşünür. Yoxsa rumınlardan biri “hər şey qaydasındadır” dediyi halda, o biri niyə “ot hündür idi” söyləsin ki?
HƏBİB

