"Neftçi" ardıcıl iki oyundan sonra nəhayət, son turda qələbə qazana bildi. Tarixi derbidə "Kəpəz"in qonağı olan "ağ qaralar" 2:0 qalib gəlməyi bacardılar.
Çətin səfərdən vacib 3 xal qazanılması uğur kimi qiymətləndirilə bilər.
Amma oyun olaraq Regekampfın yetirmələri yenə xoş sözlərə layiq ola bilmədi.
Həftələrdi özünə gələnə bilməyən Kenni Sayef qolla yadda qaldısa, Yusif Laval, Qodsvey Donyo, Ataa Caber kimi legionerlər kölgədə qaldı.
Müdafi xəttinə cavabdeh olan Solomon Kverkveliya və Mamadu Mboc isə 90 dəqiqə Abdullahi Şuaybinin əlində əsir oldular.
Gürcü böyük çətinlik bahasına olsa da nigeriyalı ilə mübarizələrin əksəriyyətindən qalib ayrıla bilirdi.
Amma Mboc dəfələrlə 20 yaşlı forvarda ikili mübarizədə uduzdu. Hətta aciz qaldığı epizodların birində ona görə hakim tərəfindən sarı vərəqə ilə də cəzalandırıldı. Vəziyyətin qırmızıya doğru getdiyini zamanında anlayan Regekampf ikinci yarı bəstəboy forvardı Kverkveliyaya tapşırmalı oldu.
"Neftçi"nin dadına isə meydan sahiblərini daha təcrübəsiz və ələ düşən şansları sağa-sola xərcləməsi çatdı.
Kapitan Emin Mahmudovun cərimə zərbəsindən vurduğu erkən qol olmasaydı, bəlkə də oyunun axarı başqa istiqamətə gedərdi. Bu epizodda da top canlı səddə dəydiyi üçün Orxan Sadıqlının qapısından keçdi.
"Kəpəz" 10 nəfərlə qalanda belə mübarizə əzmi qırılmadı. Tamamilə qapanmaq əvəzinə hücumda olmağa davam etdi.
Ümumiyyətlə, doğma meydan, sevimli tərəfdar amili "Kəpəz"li futbolçuların əl-qolunu əməllicə açmışdı.
Zarafat deyil, mövsümdə ilk dəfə komanda 3000 tərəfdarının önündə çıxış edirdi. Yəqin ki, bu amil gələcək ev oyunlarında kollektivin xallar qazanmasına birbaşa vasitə olacaq.
XANOĞLAN İMANOV

