Zaur Qəhrəmanovun keçirdiyi iclas bəhrə verdi, «Neftçi» Gəncədən 3 xalla döndü.
Xəbəriniz var, Müşahidə Şurasının aparıcı siması derbi öncəsi təşkil etdiyi toplantıda hamını «ağ yuyub, qara sərmişdi».
İdarəçilərdən tutmuş ta məşqçilərə, futbolçulara kimi. Nəyi lazım bilmişdisə, onu da söyləmişdi.
Ürəyindən keçənləri, neqativləri, çatışmazlıqları demişdi. Barmaq silkələmiş, xəbərdarlıq etmişdi: «Ciddi addımlar atacam».
Ancaq…
Üzü danlanan komanda Gəncədə oyunu ilə ürək açmadı. Yenə bərbad görüntü verdilər, bərbad!
«Kəpəz» ilk hissənin əvvəlində və ortasında yaratdığı epizodları sağa-sola xərcləməklə, Lorenstiu Regekampfın istefasını ertələdi.
Samir Abasov kimi, rumıniyalı da Zaur Qəhrəmanovun rəğbətini itirib. Klubun bir nömrəli adamının ona inamı qalsaydı, yəqin ki, belə təzliklə təcili iclas çağırmaz, barmağını qarşısında əyləşmiş şəxslərə tuşlamazdı.
Zaur Qəhrəmanov mütləq oyuna baxıb. Heç olmasa, sözünün komandaya təsirini müşahidə eləmək üçün. Hesab etmirəm ki, 2:0 könlünü alıb.
Çün «Neftçi» çempionluğa layiq futbol sərgiləmədi. Müdafiədə xeyli səhvlərə yol verdilər, balacaboy Abdullahi Şuaybunun əlində əsir-yesir qaldılar.
Hücumçular fərqlənməyi bacarmadı. Nə etdiklərini heç özləri də bilmədi, qollar orta sahə oyunçularından gəldi.
MUSA

