«Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov son vaxtlar müxtəlif sosial platformalarda aktivləşib.
O, bugünlərdə paylaşdığı yeni foto ilə diqqətləri özünə çəkib.
Belə ki, hazırda menecer olaraq futbol sahəsində fəaliyyətini davam etdirən Sultanov «Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf, komandanın meneceri Qədir Həsənov, tərcüməçi Vüqar Əliyev və futbolçulardan Aqil Məmmədov ilə Mamadu Mbodjla çəkdirdiyi şəkli tirajlayıb.
Sultanovun paylaşımına reaksiya birmənalıdır: o, bununla klubun hazırkı yönətiminə mesaj verir. İlk növbədə prezident Kamran Quliyevlə onun yerinə gəlmiş Zaur Əzizova.
Görünür, yaydığı foto ilə onlara demək istəyir ki, 2 ildir «Neftçi»dən getsə də, hələ də burada çalışan, yaxud ondan sonra görəvə gəlmiş şəxslərlə münasibət qurub, istənilən halda daxilə nüfuz etmək gücünü özündə saxlayır.
Bəllidir ki, təcrübəli funksioner paytaxt təmsilçisindən xoşluqla ayrılmayıb. Uzun illər dostluq münasibətində olduğu, «Neftçi»dən əvvəl «Sumqayıt»da çiyin-çiyinə çalışmış K.Quliyevlə indi mehriban düşməndir.
C.Sultanov yalnız Zaur Əzizovun gəlişindən sonra keçmiş klubu ilə əlaqələrini bərpa edib. Yeni idman direktoru ilə tanışlığı hesabına meneceri olduğu legioneri – Qotsvey Donyonunn transferini gerçəkləşdirib.
Sözsüz, K.Quliyevin gücü daxilində olsaydı, sabiq idman direktorunun «Neftçi»dən yenə pul qazanmasına imkan verməzdi.
Qanalı hücumçunun keçidinin baş tutması onu deyir ki, kloub prezidenti Sultanov-Əzizov cütlüyünün işbirliyi qurmasına əngəl ola bilməyib.
«Neftçi»nin əməkdaşları, Regekampf və futbolçularının yer aldığı foto Sultanovun keçmiş dostuna açıq mesajıdır.
Adətən, belə görüşlər, tədbir/toplantılar qapalı mühüitdə keçirilir, mediaya çıxmır. Ceyhun bəy ağıllı və tədbirli kadrdır.
Bilirdi ki, yaydığı şəkili Quliyev görür və ya görəcək, görməsə də, kimsə ona göstərəcək. O, fotonu tirajlayarkən, məktəb yoldaşının bundan xoşlanmayacağına, hətta narahat olacağına da əmin idi.
Bütün bunlara rəğmən, çəkdirdiyi şəkili bir barmaq toxunuşuyla yayırsa, klub prezidentinə «mən hələ də varam və istəsəm, məşqçinə də, futbolçuna da təsir edə bilərəm» söyləməkdir bunun adı.
SPORTİNFO.AZ

