“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov komandanın bu mövsüm Premyer Liqada çempionluq qazanacağına ümidsiz yanaşır.
Məşqçi və futbolçularla toplantı keçirən klubun əsas rəhbər şəxsi ilk dövrədə qeydə alınan nəticələri kafi qiymətləndirib.
O, “Əvvəl “Qarabağ”dan geri qalırdıq, indi isə “Sabah” bizi qabaqlayır. Heç olmasa, onlara uduzmayaq” ifadəsini işlədib.
«Neftçi» Premyer Liqanın ikinci dövrəsinin ilk turunda «Kəpəz»in qonağı olacaq. Oktyabrın 16-da Gəncədə keçiriləcək qarşılaşma bakılılar üçün hər mənada böyük əhəmiyyət daşıyır.
Son iki turda 5 xal itirən «ağ-qaralar» çempionluq yarışında «Qarabağ» və «Sabah»ın gerisinə düşüb. Bundan dolayı klubda söz sahibi olan şəxslər kollektivə təzyiq göstərir.
Zaur Qəhrəmanov idarəçilərə sərt xəbərdarlıq edib. Klubdaxili iclas keçirən patron bildirib ki, uğursuz gedişata Gəncədə son qoyulmasa, ciddi addımlar atacaq.
O, «ciddi addımlar» deyəndə nəyi nəzərdə tutduğunu açıqlamasa da, qeyd edib ki, mənfi göstəricilər səbr kasasını daşırıb və müəyyən islahatların aparılmasına ehtiyac duyur.
Derbidə «Qarabağ»a 1:3 hesablı məğlubiyyətdən, ardınca evdə «Turan Tovuz»la qolsuz bitən matçdan danışan Z.Qəhrəmanov klubun prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizovun ünvanına tənqidi fikirlər səsləndirib.
Şura üzvü əsasən Z.Əzizovun üzərində dayanıb, işinin öhdəsindən gəlməməsinə bir neçə eyham vurub.
Komandanın nəticilərinə görə məsul şəxs kimi idman direktorunu göstərən hörmətli Qəhrəmanov qeyd edib ki, son oyunlar «Neftçi»ni Premyer Liqada qızıl medal uğrunda mübarizədən uzaq qalmasını göstərir və bunda yayda aparılan transfer siyasətinin «pay»ı böyükdür.
Yeni gələn legionerlərin özünü doğrulda bilmədiyini vurğulayan Zaur bəy vəziyyətin belə çox davam etməyəcəyini açıqlayıb.
Ümumiyyətlə, məşqçi korpusunun və futbolçuların iştirakıyla keçirilən toplantıdan bir çox maraqlı məlumatlar əldə etmişik.
Onları oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik. Gözünüz və qulağınız bizdə olsun…
SPORTİNFO.AZ

