Neftçilər Günü və “Neftçi” Peşəkar Futbol Klubunun 85 illiyi münasibətilə 2022-ci il oktyabrın 9-da “Neftçi”nin rəhbər və futbolçu heyəti Neft Daşlarını ziyarət edib.
Səfərdə yer alanalar arasında klubun prezidenti Kamran Quliyev, İdman Direktoru Zaur Əzizov, baş məşqçi Laurentsiu Regekamf və futbolçulardan Emin Mahmudov, Yusif Laval, Kenni Saef olub.
Görüşdə iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti də Neft Daşlarına gəlib.
Görüşün sonunda “Neftçi” komandası ilə neftçilər komandası arasında mini-futbol oyunu keçirilib. 5:5 hesablı bərabərliklə bitən oyunda “Neftçi” komandasının heyətində futbolçuları ilə bərabər klub prezidenti, idman direktoru və baş məşqçi də iştirak edib.
Elə sonuncuların meydanda olması klubun sadiq fanatlarını özündən çıxarıb. Ötən tur derbidə “Qarabağ”a uduzan (1:3), son turda isə “Turan Tovuz”la bərabərə (0:0) qalan komandanın fanatları görüşlə bağlı klubun rəsmi “Feysbuk” səhifəsinə ürək sözlərini yazıblar:
"Heç olmasa ,Eminə burda istirahət verin də".
"Rövşən müəllim nə dedi? "Neftçi"nin inkişafı SOCAR-ın marağındadır, yoxsa ortabab var-gəl üçün şərait yaradılacaq?".
"Maşallah, futboldan başqa hər şeyi bacarırsız".
"Elə Kamran özü hər oyun çıxıb oynasın. Onsuz da, ehtiyatda oyunçu yoxdur".
"Neftçi"nin futbolçuları "Turan" ilə oyunda yarıtmaz futbolu ilə "Neftçi"ləri yaman təbrik etdi".
"Axır ki, mən deyənə gəldilər. Kamran Quliyev, Lorentsio Regekampf, Zaur Əzizov və digərləri gördülər ki, Donyodan, Mbocdan, Ata Caberdən bir şey çıxmır, özləri meydana çıxdılar.
Hesabı bilmirəm, deyəsən, yenə 90 dəqiqə rəqib qapısına real qol vəziyyəti yarada bilməyiblər. Rəqibimiz isə neftçilər olub. Sözün həqiqi mənasında neftçilər".
XANOĞLAN / SPORTİNFO.AZ

