Əzizov və rumıniyalı "Neftçi"ni uçuruma aparır – HƏYACAN SİQNALI!

10 Oktyabr 2022 11:20 Neftçi 1 423
Əzizov və rumıniyalı "Neftçi"ni uçuruma aparır – HƏYACAN SİQNALI!

Çempionluq uğrunda mübarizədə «Neftçi» bir-birinin ardınca ağır yaralar alır.

Qızıl yolunda əsas rəqiblərindən «Sabah» və «Qarabağ»a məğlubiyyəti haradasa gözləmək olardı, amma debütanta - 9 ildən sonra Premyer Liqa üzü görən «Turan Tovuz»u evdə uda bilməmək…

Klub rəhbərliyi və Lorentsiu Regekamf nə bəhanə gətirir gətirsin, «Neftçi» azarkeşi bunun həqiqiliyinə inanmır və inanmayacaq.

0:0-ı onlara qəbul etdirmək istəyənlərə ayıb olsun! Tribuna əhli komandanı fitə basmaqla doğru etdi. Ağ-qara formada meydana çıxanlar oynadıqları futbola layiqli reaksiya ilə qarşılaşdılar.

«Netfçi» anarxiyanın əlində əsir-yesir qalıb. Regekamfp baş məşqçi olaraq üzərinə düşən işi görmür.

Onu burada saymır və sevmirlər. Görür bunu. Çox yaxşı görür.

Vecinə də deyil amma.

Fikri Rumıniyada qalıb - həm keçmiş xanımı Anamariya Prodanla yaşadığı qalmaqalın, həm də «Styaua»nın yanında. Xəyalən oralardadır və «Neftçi» barədə ciddi heç nə düşünmür.

İşdir, fikirləşsəydi, «Turan Tovuz»la matçda A variantından yapışıb qalmazdı, B variantına keçid edərdi.

Qonaqların «beşli» müdafiə xəttini yarmağın yolunu axtarıb tapmayan rumın baş məşqçi zədəli Eddi İsrafilovun yoxluğunu təəssüflə qeyd edir - dağıl, ay dünya!

«Neftçi»ni bir futbolçudan asılı komandaya çevirən Regekamfpla uzağa getmək? Bu, yalnız avantürizmdir.

Çağırın Zaur Əzizovu, yenə nağıl danışsın, rəvayət uydursun. «Qəbələ»dən ayrılandan bəri belə şeyləri, «tamaşa» qurmağı yaxşı mənimsəyib.

O cür təcrübəli kadr kələfin ucunu itirib. Başı başqa işlərə qarışıb, deyəsən. Gör, «Neftçi» nə yerdir də.

Yağlı əppək!

Əzizov «Neftçi»yə məhz bu gözlə, bu nəzərlə yanaşmadığını sübut edəcək heç bir iş görməyib indiyədək.

Etdiyi transferlərlə, gətirdiyi baş məşqçi ilə bu kluba yaraşmayan funksioner olduğunu özü isbatlayır, biz daha nə deyək…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti