"Neftçi"nin çalışdırcısı Laurentsiu Regekmapfın adı təxminən iki həftə əvvəl Rumıniya millisi ilə hallanırdı.
"Qarabağ"a məğlub olduğu (1:3) 8-ci turun oyundan sonrakı mətbuat konfransında təcrübəli mütəxəssis bu iddianı yaxın buraxmadı.
Üzərindən bir həftə keçməmiş bu dəfə Rumıniya nəhəngi "Stiyau"nun ona "elçi düşməsi" mətbuatda geniş yayıldı.
"Turan Tovuz"la bərabərə bitən (0:0) 9-cu turun matçından sonrakı mətbuat konfransında Regekampf yenə iddianı təsdiqləmədi.
Çünki bunu təsdiqləmək üçün böyük, yox, çox böyük yalançı olmalısan. Axı necə təsdiqləsin? Belə bir təkliflərin indiki durumda olması qeyri-realdır. O, "Neftçi"də xüsusi nə ilə yadda qalıb ki, hələ bir bu səviyyədə yaxşı təkliflər də alsın.
Onun rəhbərliyi altında öncə avrokuboklarda mübarizəni dayandıran "Neftçi" indi də daxili yarışda uğursuzluqları yan-yana sıralamaqla məşğuldur.
Çempionluq mübarizəsindəki əsas rəqiblərdən "Qarabağ" və "Sabah"a uduzan "ağ-qaralar" son turda debutant "Turan Tovuz"la da bacarmadı.
Hələ avrokuboklardakı uğursuzluğu, çempionluq mübarizəsindəki erkən vidanı qoyaq bir kənara.
"Neftçi" ilə 3-5 ayda yığılan komanda önündə çarəsiz qalan bir məşqçiyə nə izah verəsən? O, indiki halda istefaya göndərilməməyin dadını çıxarsın.
Bəli, futboldu, belə "qəza" qaçılmazdı, amma ən böyük problem odur ki, "Neftçi" darmadağınla qələbə qazancağı gözlənildiyi oyunda konkret olaraq heç nə ilə yadda qalmadı. Normal qol epizoduna belə girə bilmədi. Bu isə birbaşa baş məşqçinin "aktivinə" yazılmalı məqamdır.
Sizcə, belə birinə yüksək yerlərdən dəvət gəlməsi məntiqlidirmi?
Şəxsi mövqeyim odur ki, mümkün deyil. Bu, böyük ehtimal rumıniyalının çəkisinin yerində qalması üçün menecerlərin ortaya atdığı ağ yalandı. Bu yalanda Regekampfın nə qədər payı var? Bax, əsl qaranlıq qalan sual da odur...
PS: Digər maraqlı məqam isə ondan ibarətdir ki, bu haqq-hesablar onun fasilə dönəmində ölkəsinə getməsindən sonra meydana atılıb. Bu da təsadüf?
XANOĞLAN İMANOV

