Derbidə «Qarabağ»a uduzan «Neftçi»nin rəhbərliyi daha ortalıqda görünmür.
Zaur Əzizovu soruşa bilərsiz. Haradadır o?
Məlumunuz olsun ki, idman direktoru harasa getməyib, yenə də «Neftçi»nin Nobel prospektindəki bazasındadır, öz kabinetində əyləşib.
Futbolçu kollektivi «boss» olaraq onu tanıyır. Amma deyəsən, Əzizovun niyyəti həqiqi «boss» olmaqdır. Ötən ilin dekabrında vəzifə başına keçən Zaur bəyin SOCAR-da dayaqları güclüdür.
Hər halda klubun Müşahidə Şurasının üzvü, idarəçi personalı üzərində böyük güc sahibi olan Zaur Qəhrəmanov idman direktoru postuna gətirdiyi bu şəxsin əsas dəstəkçisidir.
Neft şirkətində bəzi personalar var ki, onlar da Əzizovun haqqında müsbət fikirdədir və uzun illər burada qalmasına, vəzifə nərdivanında daha üst pilləyə qalxmasına tərəfdardır.
Bu dəyişiklik, əlbəttə, Əzizovun ürəyincədir.
Lakin o, ağıllı və soyuqqanlı kadrdır, ürəyində olanları vaxtından əvvəl dilə gətirməz, gələcək planları barədə öncədən danışmaz. Heç büruzə də verməz.
Üzdə Kamran Quliyevlə dil tapıb, iş bölgüsünü aparıb, bir-birlərinin səlahiyyət dairəsinə daxil olmurlar. Bu, hələ bir müddət belə davam edəcək.
Çün Əzizova indi suların sakit axması gərəkdir. O üzdən, komanda ilə bağlı problemlərin aradan qalxmasını, baş məşqçi Lorentsiu Regekampfla futbolçuların münasibətlərinin düzəlməsini istəyir.
Amma ki, gücü çatmır. Kluba aldırdığı legionerlərə barmaq silkələməyə ehtiyat edir. Üzünə qayıdarlar deyə.
10 ildən artıq müddətdə çalışdığı «Qəbələ»dəki kimi özünü burada rahat hiss etməyən Əzizov adının qalmaqala qarışmasından, medianın gündəminə oturmaqdan, beləcə, SOCAR-dakı tərəfdarlarının dəstəyinin azalmasından ehtiyatlanır. Yuxarı baxır, bığdır, aşağı baxır, saqqal.
Elədir, komandaya görə bir nömrəli məsul şəxs odur. Amma idman direktoru yeri gəlsə, rumıniyalı mütəxəssisi də sakitcə yola salacaq.
Samir Abasovu necə gülə-gülə yola saldısa, bax belə. Regekamfpın ruhu da inciməyəcək.
Adını da qoyacaq ki, baş məşqçinin keçmiş xanımı Anamariya Prodanla yaşadığı insident, məhkəmə çəkişməsi gündəlik işə zərbə-ziyan vurdu, Müşahidə Şurası da qalmasını məsləhət bilmədi, təzminat verdik, göndərdik.
ELXAN

