“Neftçi”nin yayda heyətinə qatdığı futbolçulardan ən faydalısı, hələ ki, Ataa Caberdir.
Karyerası əsasə İsrail klubları ilə bağlı olan 28 yaşlı futbolçu ölkəmizə gəldiyi gündən özünü yaxşı tərəfdən göstərməyi bacardı.
Avropa Konfrans Liqasında qol hesabını açdı, həmin qolların davamını Premyer Liqada gətirdi.
Caber yeni komandasında meydana çıxdığı 10 oyunda 4 qol vurub, 2 assist etməklə azarkeşlərin rəğbətini qazanmağı bacarıb.
Təxminən 10 gün əvvəl İsraildə yollanıb subaylıqla vidalaşan səbəbkar, oktyabrın 3-də həm də 28-ci yaşını yola saldı.
Müsahibədən əvvəl Ataanı təbrik edib, uğurlar arzuladıq, ardınca bizi maraqlandıran suallara cavab aldıq.
- 2011-ci ildə başlayan peşəkar karyeranda ilk dəfə legioner həyatı yaşayırsan. Maraqlıdır, Azərbaycanda özünü necə hiss edirsən?
- Özümü çox yaxşı, hətta əla hiss edirəm. Həm şəhər ürəyimcədir, həm də insanların davranışı, bizə münasibəti. Bəlkə də buna görədir ki, mühitə və komandaya tez uyğunlaşdım.
- Bura gəlməmişdən əvvəl ölkəmiz haqda nə bilirdin?
- Düzünü desəm, elə çox məlumata sahib deyildim. “Neftçi”dən təklif alandan sonra vaxtilə Azərbaycanda oynamış dostumla danışdım, məsləhət aldım. O, mənə yalnız və yalnız xoş sözlər söyləyərək Bakıya getməli olduğumu söylədi. Yekun qərarımı verməmişdən əvvəl özümə müəyyən bilgilər lazım idi. Liqanın hazırkı vəziyyəti, komandaların gücü və s. Onları da internet qaynaqlarından öyrənəndən sonra heç bir problem qalmadı.
- Kim idi vaxtilə Azərbaycanda oynamış dostun?
- Əmir Ağayevi xatırlayırsınız yəqin.
- Əlbəttə. “Sumqayıt”da oynayıb, hətta Azərbaycan millisində çıxış etməsi gündəmdə idi.
- Bəli.
- Bakını İsrailin hansı şəhəri ilə müqayisə edə bilərsən?
- İsraildə ən sevdiyim şəhər Hayfadır. Bilmirəm niyə, Bakı mənə məhz Hayfanı və oradakı həyatı xatırladır. Ona görə də buranı çox sevirəm.
- Əvvəl tək yaşayırdın. Ötən ay toyun oldu və bildiyimə görə artıq xanımın da yanındadır. İndi daha rahatsan yəqin.
- Bəli, toyum oldu, amma xanımım hələ ki, Bakıda deyil. Müəyyən səbəblərə görə daha sonra gələcək. Əlbəttə, həyat yoldaşım yanımda olandan sonra konsentrasiyam və əhval-ruhiyyəm daha da artacaq.
- “Neftçi” bu il çempion olacaq?
- Bunun üçün çalışırıq. Gərgin və intensiv məşqlərin sayəsində çətin oyunlardan üzüağ çıxmalıyıq ki, yekunda hədəfimizə çata bilək. Çempionatdakı bütün rəqiblərə qarşı oynamaq çətindir. Mövsümü qalib kimi başa vurmaq istəyiriksə, hər həftə qələbə qazanmalıyıq.
- Çempionluq yolundakı əsas rəqibiniz “Qarabağ”dır. Oktyabrın 1-də bu komandayla görüşün ilk hissəsində aşkar üstün göründünüz, lazım olan qolu vurdunuz. Fasilədən sonra komandaya nə oldu?
- Futbolun 90 dəqiqə oynanıldığını bilməliyik. Görünən odur ki, ikinci hissəyə köklənə bilmədik və yekunda bunun acısını çəkdik. Halbuki bu kimi hallar “Neftçi”də baş vermir. Nədənsə bu dəfə yaşandı. Həmin məğlubiyyətlə yaşamamalıyıq, dediyim kimi, irəlidə bizi ağır oyunlar gözləyir. Komandama və futbolçu yoldaşlarıma inanıram. Əminəm ki, əla oyunlarımız olacaq.
- Azərbaycan və İsrailin yüksək liqaları arasında səviyyə fərqi hiss olunur?
- Müəyyən mənada, bəli.
HƏBİB / SPORTİNFO.AZ

