“Neftçi” mövsümdə ikinci məğlubiyyətini “Qarabağ”dan aldı.
“Sabah”la oyunda olduğu kimi, “Ağ qaralar” bu dəfə də hesabda önə çıxdığı matçda üstünlüyü sona kimi qoruya bilmədi.
Masazır təmsilçisinə sonda 1:2 hesablı məğlubiyyət qeydə alınmışdısa, bu dəfə tabloda məğlubiyyət 1:3-lə öz əksini tapdı.
Hər halda ortada oxşar tendensiya varsa, deməli, səbəblər də eynidir. Ən böyük günahkar isə baş məşqçi Laurentsiu Regekampfdır.
Əvvəla start heyətində hər an partlamağa “hazır bomba” sayılan Mamadu Mboc yox, daha səviyyəli və təcrübəli Solomon Kvrekveliya yer almalıydı. İlk iki qolda seneqallının səhvləri də bunun əyani sübutudur.
Bundan başqa ilk hissəni yaxşı keçirən komanda ikinci yarı dayanırsa, deməli, 90 dəqiqənin balanslaşdırılması düzgün aparılmayıb. Bunun günahı kimdədir? Baş məşqçidə!
Kamanda 17 dəqiqədə 3 qol buraxır və bir neçə dəfə də bəxti gətirir. Amma çalışdırıcıdan heç bir müdaxilə yoxdur.
Əsla israr etmirik ki, tək günahkar əcnəbi mütəxəssisdir.
Məğlubiyyətdə özünə bənzəməyən Lavalın, Donyonun, Kenninin timsalında bir çox futbolçular, ehtiyat qüvvənin azlığı, rəqibin səviyyəsi də önəmli yer aldı.
Amma qəribəsi odur ki, təcrübəli mütəxəssis 1:3 hesablı məğlubiyyətdən sonrakı mətbuat konfransında hər nə qədər futbolçularını qorumaq görüntüsü yaratmaq istəsə də, əslində elə məqsəd onları "nişangah"a gətirmək idi. Ki, o da bunu ustalıqla bacardı.
Aşağıda Regekampfın mətbuat konfransındakı fikirlərindən ibarət təqdim edəcəyimiz seçmələrdə bunu daha yaxından görmüş olacaqsınız:
“Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdır. İkinci hissədə sadə səhvlərə yol verdik.
İlk hissədən sonra futbolçular arxayınlaşdılar.
"Qəbələ" ilə görüşdə də İsmayılı ilk hissədən sonra oyuna daxil oldu və görüşü dəyişdi. Bu gün də meydana daxil olandan sonra iki epizodda Qəbələdəki kimi asma eləməli idi.
Bunu etmədi, arxaya oynadı. Ondan sonra gördüm ki, özünə inamı itirir, bu üzdən əvəzlədim.
Demirəm ki, pis oyunçudur, sadəcə bu gün onun günü deyildi. Bir çox epizodda yaxşı imkanı qaçırdıq”.
XANOĞLAN / SPORTİNFO.AZ

