"Neftçi"yə atılan təpik - VİDEO

2 Oktyabr 2022 13:00 Neftçi 1 468
"Neftçi"yə atılan təpik - VİDEO

İsmayıl Zülfüqarlının reklam şitinə atdığı təpik var a, o epizod «Neftçi»nin aynasıdır.

O Lorentsiu Regekampfa atılan təpikdir.

O klubun prezidenti Kamran Quliyevə atılan təpikdir.

O idman direktoru Zaur Əzizova, digər funksionerlərə atılan təpikdir.

O komanda yoldaşlarına atılan təpikdir.

O…

İsmayıl dünənki uşaqdır. Hələ futbolda heç nə etməyib, yeni-yeni «cip-cip» edir. «Neftçi»nin formasını geyinmək əksər bakılı uşaqların, yeniyetmə və gənclərin ən kövrək, ən böyük arzusu olub.

Allah nəsib edib İsmayıla bu formanı geyinmək xoşbəxtliyini. Perspektivi var, istəsə, yaxşı futbolçu kimi özünü tanıdacaq, Avropadan təklif alacaq, sanballı legioner həyatı yaşayacaq.

Amma o, bunu istəyənə oxşamır. Bu yaşda gəncin baş məşqçinin qərarına sərt etiraz etməsi nədir, reklam şitinə təpik atması nədir, heç bir anlam verə bilmirəm, başa düşmək də istəmirəm.

Üzünü texniki zonaya tutub əl-qolunu yelləyən, dodaqaltı mızıldanan İsmayıl özünü nə hesab edir, görəsən? Bir-iki oyunda yaxşı təsir bağışlayıb, qol pası verib deyə, məşqçilər onu çiyinlərində gəzdirməlidir?

Bu komandanın böyüyü, lideri, ağsaqqalı yoxdur bəyəm? Haradadır onlar, niyə indlyədək bu cavanlara böyük-kiçik yerini göstərməyiblər?

Aqil Məmmədov və Emin Mahmudov - niyə indiyədək bir tədbir görməmisiz? Siz ki «Qəbələ»də çıxış etmirsiz, ölkənin ən yaşlı klubunun stajli futbolçularıız, nədən İsmayıla, ona timsalında digər cavanlara kimin kim olmasını başa salmamısız?

Regekamfp bunu etməyəcək.

İçkili halda keçmiş xanımı ilə sillə-təpiyə çıxan, bu görüntülərin mediada yayılmasından tükü də tərpənməyən, 5 saat polis bölməsində qalmasını vecinə almayan baş məşqçinin İsmayıla qulaqburması verməsinə, açığı, mənim gümanım gəlmir. «Neftçi»nin dəyərlərini o, bilməz.

O, sadəcə, klub dəyişməyi, pul qazanmağın yollarını bilir. İşi bir balaca axsayan kimi aradan çıxmaq istəyəcək. Əksər əcnəbi məşqçilər belə edir, onsuz da.

İsmayılın reklam lövhəsinə atdığı o təpik cavabsız qalmamalıdır. Derbidə uduzmağın məyusluğunu yaşayan «Neftçi» azarkeşini az da olsa, sakitləşdirmək üçün.

Onlar bu cür yenilgini və bu cür hərəkəti qəbul etmir və etməyəcək. Haqlıdırlar və etirazları anlaşılandır.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti