“Neftçi”də bizi çağırıb deyirdilər ki... Pul qaçmır, gedib götürərik”

23 Avqust 2022 21:20 Neftçi 2 224
“Neftçi”də bizi çağırıb deyirdilər ki... Pul qaçmır, gedib götürərik”

“Neftçi”də ilk məşqə çıxmışdıq, məşq maykamız yox idi” – Dəhşətli olayın üstünü açdı

2008-ci ildə “Neftçi”yə keçidi böyük səs-küyə səbəb olmuşdu.

Həmyerliləri Ali Cansun və Levent Kartopla birlikdə “ağ-qaralar”la müqavilə bağlayan Türkiyədən olan “3-lük”dən Ali ilə Levent Azərbaycanı daha tərk etsə də, o, 2010-cu ilin yayına qədər oynamışdı.

“Neftçi”nin şərəfini qoruduğu müddətdə ciddi uğura imza ata bilmədi. O vaxt komandadakı məşqçi dəyişiklikləri və çoxlarına hələ də sirr qalan “oyunlar” kollektivin başında çatlamışdı.

Müsahibim Suat Usta ilə danışmağı çoxdan planlaşdırırdım. Lakin heç cür uyğun vaxt tapa bilmirdik. Daim səfərlərdə olması, bəlkə də “nə danışacam axı” düşüncəsinə qapılması söhbətimizi iki gün öncəyə qədər yubatdı.

Niderlandda doğulub “PSV Eydhoven”də yetişən, futbolçu karyerasında “Qalatasaray”, “Konyaspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Rizəspor”, “Diyarbəkirspor” kimi komandaların şərəfini qoruyan Suatla üç hissədən ibarət müsahibədə “Neftçi”dən başlayıb “Qalatasaray”da dayandıq.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/147826.html // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/147902.html)

- Buyur...

- Türkiyədə ayın ilk günlərində maaş almağa öyrəncəli deyildik. “Neftçi”də oynayanda ay yenicə başlamış çağırırdılar ki, gəlin maaşınızı götürün. Biz də tələsik qaçmırdıq. Düşünürdük ki, işimizi görək, ortaya nəsə qoyaq, pul qaçmır, gedib götürərik. Bir dəfə rəhmətlik İlqar Quluzadə qarşımı kəsib, “Suat, sizə pul lazım deyil, niyə gəlib götürmürsünüz?” sualını verdi. Heç yadımdan çıxmaz o sözü. Dedi, maaşınızı götürün, sizin insanlığınıza şübhəm yoxdur, bilirəm ki, qarşılığını artıqlaması ilə verəcəksiniz. Bizə öz övladları kimi baxırdılar.

- Sən sabiq “Qalatasaray”lı, Ali Cansun “Beşiktaş”lı idi, ona görə. 3-cü liqadan fağırın biri gəlsəydi, görüm o cür davranardılar.

- Onu deyə bilmərəm. Mən başıma gələni, “Neftçi”də rastlaşdığım hadisəni danışıram.

- “Qalatasaray”da əsas heyət oyunçusu hesab olunmasan da, 3 ildən çox müddətdə “sarı-qırmızılar”ın sıralarında olmuşdun. “Qalatasaray”lılar indi səni xatırlayır? O sevgini hiss edirsən?

- “Qalatasaray”da bir gün də oynasan, sən “Qalatasaray”lı Suat Ustasan artıq. O damğa heç vaxt silinməz. Oynayan dönəmdə bəlkə də bunun anlamını dərindən bilmirsən, amma futbolu qurtarandan sonra sənə hər yerdə “Qalatasaray”lı filankəs” kimi müraciət edəndə işin fərqinə varırsan. Bu gün də “Qalatasaray” təsislərinə gedirəm, personalla danışıram, aşağı yaş qruplarının oyunlarını izləyirəm, səni inandırım, münasibət 15 il əvvəl necə idisə, yenə də o cürdür.

- Öz aramızdır, “Qalatasaray” heç vaxt əfsanələrinə lazım olan dəyəri verməyib. Hakan Şükür, Ergün Pembe, Suat Kaya, Hakan Ünsal, Hasan Şaş, Ümid Davala – bunların hansısa birinin layiq olduqları şəkildə yola salındığını xatırlamıram.

- Bildim nə demək istəyirsən. Bir söz deyim, “Qalatasaray”da nə dərəcədə güclü futbolçu olursan ol, inanılmaz dərəcədə möhtəşəm məşqçi ol, tarixin ən güclü başqanı ol, klubun adı hər zaman adları üstələyir. “Cim-Bom” 2-3, yaxud 10 nəfərin əziyyət çəkdiyi klub yox, 20-30 milyon azarkeşin könül verdiyi camiə kimi tanınır. Futbolçu, məşqçi, prezidenti bu gün var, sabah yox. Amma “Qalatsaray”adı əbədidir, 1905-ci ildən bu tərəfə yaşayır. Ona görə də iradı ayrı-ayrı fərdlərə tutmaq lazımdır, klubun adına yox.

- İllər öncə “Qalatasaray”lı “Fənərbağça”da oynamaz və ya oynamamalıdır” deyimi vardı. Və ya “Beşiktaş”ı, “Trabzonspor”u olsun. Son dövrlər yazılmamış qanuna əməl olunmur. O dönəmdə sənə “Fənər”dən dəvət olsaydı, gedərdin?

- Futbolçu həyatı 10 ildir, lap olsun 15 il. Həmin futbolçunun öz ailəsi, ata-anası, bacı-qardaşı, övladları, doğmaları var. Elə etməlisən ki, 10-15 il ərzində qazandığınla karyeranı başa vurandan sonra həmin insanlara yardım eə biləsən. Bax, məsəl çəkim. Tutaq ki, “Qalatasaray”da oynadığım vaxt deyirəm ki, “mən heç vaxt “Fənər”ə getmərəm. Günlərin birində “Qalatasaray”a lazım olmursan, başqaları istəmir, “Fənər”in ünvanına dediyin söz də qüvvədədir. Nə edəcəksən?

- Doğru yanaşmadır. Amma işin mənəvi tərəfi də var.

- Qardaşım, klubsuz qalmışam, pul verən yoxdur, ailəm acdır, özüm də futbolçuyam. Hə, “Fənər”ə getmərəm” sözümün acısını çəkirəm. Niyə demişdim o sözü? Gərək var idimi onu deməyə? Bu komanda da futbol oynayır, o komanda da. Peşəkarsansa, gedib oynamalısan.

- Səni başa düşürəm, fanatlar qəbul etmir axı.

- Fanatsan, komandanı, futbolçularını sevə bilərsən. Amma bu tip söhbətlər, söyüş, dava, şüşə sındırmaq, futbolçunun qarşısına şərt qoymaq – bunlar doğru şeylər deyil. Türkük, başa düşürəm, hislərlə yaşayırıq, emosionalıq, amma aşırı fanatiklik heç kimə fayda verməyib indiyə qədər. Sual verim sənə.

- Buyur...

- Azərbaycanla Ermənistan arasındakı müharibədə kimsə “Qalatasaray”lısan, yoxsa “Fənər”li” sualını verdimi? Deyən oldumu?

- Təbii ki, yox.

- Nə soruşdurdular o anda? Haralısan? Azərbaycanlıyam, türkəm, düzdür? Vəssalam, bununla da söhbət bağlanırdı. Hər şey dadında gözəldir. Amma biz futbol mövzusunda bəzən millət olaraq dadını qaçırırıq. O vaxt milli komandaya dəvət alırdım, orada “Fənər”dən yaxşı tanıdığım 5-6 yaxın dostum var idi – Volkan Dəmirəl, Tuncay Şanlı, Sərvət Çətin. Nə etməliydim, onlara düşmən olmalıydım? 90 dəqiqə ərzində mübarizə aparaq, dava edək, söyüşək, amma hakimin final fitindən sonra qardaş olaq. Budur futbolun gözəlliyi.

- Müxtəlif klubların formasını geyinmisən, sağlığına qismət, pis də qazanmamısan. Yığdığın çox olub, yoxsa dağıtdığın?

- Hansı ölkədə oynamağından asılı olmayaraq, bir müddət olur ki, əlinə yaxşı pullar gəlir. O dövrdə məcburən “havaya girirsən”. Bəlkə də istəmirsən, amma özündən asılı olmur. Bu gün də girməsən, sabah mütləq girəcəksən. Önəmli olan həmin havadan nə qədər tez çıxmağındır. “Qalaasaray”a PSV-dən getmişdim. Halbuki Niderland klubu ilə çox yaxşı müqaviləm var idi. Rəhmətlik atam məni hava limanında təyyarəyə yola salanda bilirsən nə dedi?

- Desən, bilərəm.

- Dedi ki, səni bu cür yola salıram, dəyişsən, qəti bu evə qayıtma. Başqa ata olsaydı nə deyərdi? Deyərdi, çox sağ ol, oğlum, “Qalatasaray”a getməklə bizi qürurlandırdın, nəslimizin fəxrisən, nə bilim daha nələr. Yəni hər şey ailə tərbiyəsindən asılıdır, hətta pul xərcləmək, pulu hara və necə xərcləməyin özü də. Ona görə də mənim “havaya girməyimlə çıxmağım” çox vaxt aparmadı.

- Bayaqdan danışırsan, qulaq asıram. Səmimi sözümdür, düşüncə qabiliyyətinə, hadisələrə yanaşma tərzinə, təhlil bacarığına söz ola bilməz. İndiki futbolçuların böyük əksəriyyətində bunlar yoxdur.

- Futbol oynadığım dönəmdə Floryada qalırdım. Orada “Dürümcü baba” restoranı var idi, günü bu gün də ora gedirəm. İndi futbol oynamıram, əvvəlki şan-şöhrət sahibi deyiləm, amma bu gün də məni həmin restoranda illər öncəki kimi qarşılayırlar. Niyə? Çünki futbol oynadığım dönəmdə bir dəfə də olsun ağzımı açıb kiməsə “sən bilirsən mən kiməm” deməmişəm.

- Halal olsun!

- Futbolçu olaraq özümü heç kimdən üstün tutmamışam. Bu sözü həmişə demişəm, yenə təkrar edirəm. Futbolçu böyük adam-filan deyil, topun dalınca qaçıb pul qazanandır. Futbolçunun xadimədən, taksi sürücüsündən, həkimdən heç bir üstünlüyü yoxdur. Mediada, televiziyada daha çox tanına bilərik. Amma masa arxasında hamımız eyniyik, kimsə kimdənsə üstün deyil, ola da bilməz. Bəzən həkimlə sürücünü müqayisə edəndə həkimin işinin daha samballı olduğunu deyirlər, onu hörmətli tuturlar. Sual verim. Səncə, hansı daha üstündür?

- El arasında həkim deyirlər.

- Razı deyiləm.

- Niyə?

- Həkimin əlinin altında eyni anda bir can ola bilir, sürücü isə eyni anda 50 cana cavabdehlik daşıyır. Hansı daha məsuliyyətlidir? 1 can, yoxsa 50 can? Vəzifəyə yox, məsuliyyətə, çəkdiyi əziyyətə baxmaq lazımdır. Bəzən dostlarım restorandakı ofisiantlarla kobud davrananda rəsmən dəliyə dönürəm. Deyirəm, insan ol, insan kimi davran, qardaşım. Adam bura evinə 5 lirə pul qazanmaq üçün gəlib, sənin qarşında əyilmək üçün yox.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti