Məşhur “Qalatasaray”lı “Neftçi”yə keçidinin detallarını açıqladı

21 Avqust 2022 20:00 Müsahibə 5 951
Məşhur “Qalatasaray”lı “Neftçi”yə keçidinin detallarını açıqladı

2008-ci ildə “Neftçi”yə keçidi böyük səs-küyə səbəb olmuşdu.

Həmyerliləri Ali Cansun və Levent Kartopla birlikdə.

“Ağ-qaralar”la müqavilə bağlayan Türkiyədən olan “3-lük”dən Ali ilə Levent Azərbaycanı daha tərk etsə də, o, 2010-cu ilin yayına qədər oynamışdı.

“Neftçi”nin şərəfini qoruduğu müddətdə ciddi uğura imza ata bilmədi. O vaxt komandadakı məşqçi dəyişiklikləri və çoxlarına hələ də sirr qalan “oyunlar” kollektivin başında çatlamışdı.

Busketsin

Müsahibim Suat Usta ilə danışmağı çoxdan planlaşdırırdım. Lakin heç cür uyğun vaxt tapa bilmirdik.

Daim səfərlərdə olması, bəlkə də “nə danışacam axı” düşüncəsinə qapılması söhbətimizi iki gün öncəyə qədər yubatdı.

Niderlandda doğulub “PSV Eydhoven”də yetişən, futbolçu karyerasında “Qalatasaray”, “Konyaspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Rizəspor”, “Diyarbəkirspor” kimi komandaların şərəfini qoruyan Suatla üç hissədən ibarət müsahibədə “Neftçi”dən başlayıb “Qalatasaray”da dayandıq.

- Necəsən? İşlərin necə gedir?

- İşlərin necə getdiyini soruşma, qardaşım. Ora-bura qaçıram, iş başımdan aşır, çox yorğunam. Nə qədər ki, sezondur, istifadə etməyə çalışıram. Dincəlməyə vaxtım olacaq.

- Nə işlə məşğulsan?

- Menecerliklə.

- Çoxdan?

- 4 ilə yaxındır.

- Karyeranı 10 ildir başa vurmusan. Nə əcəb bu işə gec başladın?

- Futboldan soyumuşdum, təmamən uzaqlaşmışdım. İnşaat sektorundaydım, ev tikdirib satırdım. Yenidən futbola qayıtmalı oldum.

Busketsin

- İnşaat sektorunda futboldakı Suatı tapa bilmədin, yoxsa futbolsuz qala bilmədin?

- Futbolun özündən yox, futbolun dünyadakı insanlarından soyumuşdum. Amma nə qədər küssən də, bacardığımız, bildiyimiz iş budur. Baxdım ki, futbolsuz qalmaq çətindir.

- İndi Super Liqa təmsilçiləri ilə bazarlıq edirsən?

- Futbolçularımın səviyyəsindən asılıdır. Səviyyələri harda oynamağa imkan verirsə, həmin liqanın klubu ilə əməkdaşlıq edirik. Mən liqaların birini digərindən ayırmıram. Önəmli olan futbolçunu özünü rahat hiss edəcəyi, inkişaf edə biləcəyi ünvana çatdırmaqdır. Böyük danışmaq olmasın, əsasən Avropa ilə iş görürük. Şərikim Avstriyada tanınmış agentdir, onunla birlikdəyəm.

- Sirr deyilsə, kimdir?

- Marko Arnautoviçi tanıyırsınız yəqin.

- Əlbəttə. Avstriya millisi, “Verder”, “Stok Siti”, “Vest Hem”, “7 nömrə”...

- Ay sağ ol. Onun böyük qardaşı Daniel ilə birlikdəyəm. Təbii, Daniel daha təcrübəli, daha məşhurdur. İngiltərə, Almaniya, İtaliya kimi futbol ölkələrinin elita klubları ilə əməkdaşlıq edir. Bizim işimiz istedadları tapıb üzə çıxarmaq, Danielə göstərməkdir. Böyük klublarla danışıqları birbaşa özü aparır.

- Sırf türk futbolçuları?

- Yox-yox, milliyət önəmli deyil, türk olsun və ya avropalı.

- Azərbaycanlı futbolçuları göstərmərsən ona (sualı yarızarafat, yarıgerçək verdiyimi anlayır).

- Göstərmərəm deyə bir şey yoxdur. Yetərincə bacarıqlı azəri oyunçu olsa, niyə vermirəm? Əksinə bundan qürur duyaram. Niderlanddan, İslandiyadan futbolçu çıxırsa, canım qardaşım Azərbaycandan niyə çıxmasın?

Busketsin

- Hələ ki, öyünə biləcəyimiz bir Mahir Emrelimiz var Xorvatiyada - “Dinamo”da.

- Bilirəm, xəbərim var. “Dinamo”nun prezidenti Mamiç Danielin çox yaxın dostudur. “Dinamo” çox yaxşı, işini bilən klubdur. Sata bilməyəcəyi futbolçunu heç vaxt almaz. Deməli bildikləri nəsə var ki, Mahiri heyətə qatıblar. “Dinamo” illərdir “PSV Eydhoven”, “Ayaks”, “Portu” kimi klublarla əməkdaşlıq edir.

- Bu sahənin də öz sirləri var, bilirəm.

- Əlbəttə, var. Biri var, futbolçunu A-dan alıb B-yə satan, sonra da pulunu alan kimi yaxasını kənara çəkən makler, biri də var, futbolçu ilə gənc yaşlarından maraqlanıb ona dəstək olan, böyük qardaşlıq edən, doğru yer seçməsi üçün gecəsini gündüzünə qatan agent. Hər insanın öz seçimi var. Mən menecerliyi seçmişəm, maklerliyi yox. Bu dəqiqə mənim 15 yaşında futbolçum da var, 35 yaşında da.

- 2 il “Neftçi”də oynamısan. Nə əcəb Azərbaycanla əlaqən qalmayıb?

- Qalmamış olar heç? Əlbəttə, müəyyən insanlarla danışıram. Məsələn, o vaxt klubumuzun prezidenti olan dəyərli insan İlqar Quluzadə dünyasını dəyişdi. Allah ona rəhmət eləsin! Vaxtilə klubda çalışan və çiyin-çiyinə futbol oynadığım bəzi yoldaşlarla salam-sağ olumuz qalır. Bildiyimə görə, həmin insanlar klublarda əsas söz sahibləri deyil. İndi Azərbaycan klublarına rəhbərlik edənləri tanımıram.

- Azərbaycana gəlib-gedirsən?

- Elə gələrəm, elə gələrəm. Sadəcə təyyarə fobiyam var. Avropada da əsasən Balkan ölkələrində oluram. Ora isə avtomobilimlə gedə bilirəm. Bakıya mütləq səfər etməliyəm. Neçə vaxtdır dostlarıma da deyirəm ki, Bakı çox dəyişib, inanılmaz dərəcədə gözəlləşib.

- Hardan bilirsən?

- İnternetdə videolara baxıram, xəbərləri izləyirəm. O qədər yarışlar keçirilir, televizorda göstərilir. 2 il Azərbaycanın çörəyini yemişəm, bunları görməmək, görməməzlikdən gəlmək olar? Mən Bakını ilk gördüyüm gündən sevmişdim. Bilirsən nəyini?

- Nəyini?

- Keçmişin qorunub saxlanılmasını. Mərkəzin arxitekturası mənə çox xoş gəlirdi. İndi də yanlarında göydələnlər tikiblər, daha çox gözəlləşib.

- 2008-ci ildə “Neftçi”yə gəlişin yaxşı mənada təəccüblə qarşılanmışdı. Bilirsən, karyeranda “Qalatasaray” izinin olması səs-küyə təkan vermişdi. Necə baş vermişdi?

- Bir anın içində, gecə saat 4-də (gülür).

- O necə olur?

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti