“Sportinfo”ya danışdı, “Neftçi”dəki dəhşətli olayın üstünü açdı!

22 Avqust 2022 21:00 Müsahibə 2 737
“Sportinfo”ya danışdı, “Neftçi”dəki dəhşətli olayın üstünü açdı!

2008-ci ildə “Neftçi”yə keçidi böyük səs-küyə səbəb olmuşdu.

Həmyerliləri Ali Cansun və Levent Kartopla birlikdə “ağ-qaralar”la müqavilə bağlayan Türkiyədən olan “3-lük”dən Ali ilə Levent Azərbaycanı daha tərk etsə də, o, 2010-cu ilin yayına qədər oynamışdı.

“Neftçi”nin şərəfini qoruduğu müddətdə ciddi uğura imza ata bilmədi. O vaxt komandadakı məşqçi dəyişiklikləri və çoxlarına hələ də sirr qalan “oyunlar” kollektivin başında çatlamışdı.

Müsahibim Suat Usta ilə danışmağı çoxdan planlaşdırırdım. Lakin heç cür uyğun vaxt tapa bilmirdik. Daim səfərlərdə olması, bəlkə də “nə danışacam axı” düşüncəsinə qapılması söhbətimizi iki gün öncəyə qədər yubatdı.

Niderlandda doğulub “PSV Eydhoven”də yetişən, futbolçu karyerasında “Qalatasaray”, “Konyaspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Rizəspor”, “Diyarbəkirspor” kimi komandaların şərəfini qoruyan Suatla üç hissədən ibarət müsahibədə “Neftçi”dən başlayıb “Qalatasaray”da dayandıq.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/147826.html)

- O necə olur?

- Həmin vaxt klubsuz idim, amma təkliflərim var idi. Amma içimdən başqa ölkədə oynamaq həvəsi keçirdi. Menecerim Azərbaycandan, həm də “Neftçi”dən real təklifin olduğunu deyincə, razılıq verdim.

- Agent zəng edən kimi razılıq verdin? Heç düşünmədin?

- Menecerimlə söhbətdə dərhal dedi ki, Ali Cansunla Levent Kartop da “Neftçi”də səninlə olacaq. Açığı, bunu eşidən kimi dərhal “okey, mən də gedirəm” dedim. Çünki köklü klubda oynamaq, çempion olmaq istəyim var idi.

- Dost-tanışın karyeranı Azərbaycanda davam etdirməyinə necə yanaşmışdı?

- Nə gizlədim, ağır əyənlər olmuşdu. Amma mən fərqli fikirdəydim. Futbol və peşəkarlıq varsa, istənilən ölkədə oynayaram. Mənim fəlsəfəm budur. Ölkəyə, yaxud insanlara yuxarıdan aşağı baxmaq prinsiplərimə zidd olub həmişə. Çörəkpulu qazandığın yerə ağız büzmək haqqı yoxdur heç kimin. Kaş ki, daha yaxşı oynaya biləsydim. Kaş ki, “Neftçi”ni çempion etsəydik. Biz olmasaq da, bizdən sonra gələnlər komandanı çempion etdi, kubok qazandılar. Bu, bilirsiniz nə demək idi?

- Nə?

- Bizim dönəmdə başlayan yolun uğurlu sonu. Məncə, bizim və digər legionerlərin orada olmasında yerli futbolçular təcrübə qazandı, səhvləri və doğruları birlikdə gördük.

- Gecə saat 4-də “okey” verməyində mütləq ki, pulun da rolu var idi.

- Xeyr, qətiyyən. Həmin dönəmdə Türkiyədə qalsaydım, 2 qat artıq maaşa oynayardım. İndi bilmirəm necədir, o vaxt Azərbaycanda 1 milyon dollar maaş verilmirdi.

- “Neftçi”də illik gəlirin nə qədər idi?

- Yadımada deyil. Yadıma gəlmir, açığı.

- 200 min dollardan çox idi təbii ki.

- Yox-yox, 200-dən çox idi, bunu dəqiq bilmirəm. Amma konkret məbləği xatırlamıram. Sırf pulu düşünüb gəlsəydim, məbləği sizə əzbər deyərdim.

- Sən, Vladimir Miçoviç, Adrian Nyaqa, Marian Aliuta, Valter Quqlemon, Dmitri Kruqlov, Valeri Abramidze, Valentin Atem kimi əcnəbi, Rail Məlikov, Samir Əliyev, Elmar Baxşıyev, Ruslan Əmircanov, Araz Abdullayev, Ruslan Abışov, Rəşad Abdullayev – bu heyətlə çempion ola bilmədiniz. Niyə?

- Heyətimiz möhtəşəm idi. Amma futbolun tərs tərəfi də budur. Baxırsan, bəzən elə komanda çempion olur ki, gördüyünə inanmağın gəlmir. Bəzən də dəyəri milyonlarla ölçülən heyət uğur qazana bilmir. Çempion ola bilmədiksə, deməli mən də, Nyaqa da, hətta başqaları da daha yaxşı oynaya bilərdi və ya oynamalıydı. Uğur yaxşı futbolçular yığmaqla yox, yaxşı komanda formalaşdırmaqla qazanılır. O dövrdə problemlərimiz çox oldu.

- Nə kimi problemlər?

- Prezident dəyişdi, 2 ildə 4-5 məşqçi gördük. Demirəm ki, günah onların olub. Uğursuzluq varsa, məsuliyyət hamımzın üzərindədir. “Mançester Yunayted” Aleks Ferqyusonla çempionluqları sıralayırdı, o gedəndən sonra heç kim “qızıl” əldə bilmir. “Liverpul” 50 il idi çempionluğun nə olduğunu bilmirdi, Yurgen Klopp gəlişi ilə komandanı zirvələrə daşıdı.

- Mütləq ki, Azərbaycanla bağlı xatirələrin vardır. 2 il az müddət deyil.

- Əlbəttə, var.

- Gülməli, məzəli və ya üzücü olan hansısa hadisəni danışa bilərsən?

- Biz Bakıya küçələrdən neft qoxusu gələndə gəlmişdik (həmin vaxt Azərbaycanda pulun çox olduğunu demək istəyir – H.). Bakıya gəlişimiz, ”Neftçi”ylə müqavilə bağlamağımız elə səs-küyə səbəb olmuşdu ki. Amma ilk məşqdəcə şoka düşmüşdük.

- Nə mənada?

- “Neftçi”də ilk məşqə çıxmışdıq, məşq maykamız yox idi. Hamıya verilib, bizdə yoxdur. Təsəvvür edə bilirsiniz? O vaxt təşkilatçılıq yüksək səviyyədə deyildi, əskikliklər olurdu.

- Bəs, nə etdiniz?

- Heç nə. Çantamızda özümüzə məxsus maykalar vardı, onları geyinib məşq etmişdik. O qədər maaş alırsan, amma məşq maykan yoxdur. Nə gizlədim, o vaxt buna çox əsəbləşmişdim, hətta çantamı götürüb getmək istəmişdim. Amma indi Ali Cansunla bu barədə danışanda gülürük, zarafat edirəm. Aliyə zəng edəndə deyirəm, “Ali, necəsən ə, qardaş?” Hələ də o ləhcə ilə zarafat edirik, danışırıq.

- Mayka mövzusunda ilişib qalmışam. Geyim dəstlərini gətirməyi unutmuşdular, yoxsa ümumiyyətlə yox idi?

- Təbii ki, var idi. Hamıya paylanmışdı, bizə verilməmişdi. Belə deyim, biz komandaya yeni qoşulmuşduq deyə, inzibatçılar mayka əlavə etməyi unutmuşdu. Hə, daha birini danışım sənə.

- Buyur...

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti