"Neftçi" xirtdəyə kimi problemlərin içindədir" - MEDİA-SORĞU

23 Noyabr 2021 22:20 Neftçi 702
"Neftçi" xirtdəyə kimi problemlərin içindədir" - MEDİA-SORĞU

Son günlər futbol ictimaiyyətinin əsas müzakirə mövzusu "Neftçi" ilə bağlıdır.

Əgər flaqman ardıcıl 3 görüşdə uduzursa, başqa cür də ola bilməz.

Fikirlər isə əsasən iki istiqamətdədir - kimisi yaşanan uğursuzluğu rəhbərliklə, kimisi də baş məşqçi Samir Abasovla əlaqələndirir.

Görəsən, bəs son çempionun belə "qara zolağ"a düşməsinin əsl səbəbi nədir? Sualımıza cavab tapmaq üçün uz tutduq idman mətbuatının tanınmış simalarına.

Kənan Məstəliyev (Rekord.az):

"Neftçi"də əsas problem idarəçilikdi. Hətta Samir Abasovun səhvləri varsa belə, bu idarəçilərin günahıdı. Belə bir məşqçini gətirirsənsə, onun kaprizlərini də nəzərə almaq lazımdı. Üstəlik, Abasov yaxşı məşqçidi, komandaya uzun illər sonra çempionluq qazandıran mütəxəssisdi. Ona əlavə şərait yaratmaq lazımdı. Adətən bir komanda çempion olursa, klubun hədəfləri böyüyür və uğurunu davam etdirmək üçün daha da güclənir, heyətini zənginləşdirir. "Neftçi"də isə belə olmadı. Xeyli yaxşı oyunçu getdi, yerinə isə ya heç kim alınmadı, ya da çox gec - avrokubok mövsümü bitəndən sonra alındı. "Neftçi" yayı faktiki hücumçusuz, ehtiyat qapıçısız, müdafiəçisiz keçirib. Təzə gələnlərin uyğunlaşma prosesi də gecikir. Bunda təbii ki, məşqçinin günahı da az deyil, ancaq başqaları da yaxasını kənara çəkməsin. Klubun idarəçisi öz məşqçisinə "komediya teatrının rəhbəri" damğasını vuranda düşünməli idi ki, bunun nəticəsi necə olacaq. Komanda 5 oyun da uduza bilər, 10 oyun da. Problemin həlli düşünülməli, kollektiv şəkildə çıxış yolu axtarılmalıdı. Bunu isə hazırda görmürəm. Durum elədi ki, Abasovun yerinə gələn də qlobal şəkildə nəyisə dəyişə bilməyəcək".

Amal Abışov (Sport7.az):

"Günahkarlar sırasında həm rəhbərlik var, həm də Samir Abasov. Heç kim yaxasını kənara çəkə bilməz. Amma meydana baş məşqçi daha yaxındı. Deməli, məsuliyyət də daha çox onun üzərindədi. Təsadüfi deyil ki, belə hallarda baş məşqçilər gedir, rəhbərlik qalır. Əsas səbəb düzgün olmayan seleksiya, heyət seçimi, baş məşqçinin özünə yaraşmayan davranışlarıdı. "Neftçi" haqlı məğlubiyyətlər alır. Nə hakimlər günahkardı, nə də bəxt. "Qara zolaq" bitəcək, nəticələr düzələcək. Amma indiki "Neftçi" böyük hədəflərin komandası deyil".

Rəşad Ergün (Komanda.az):

"Neftçi"nin bu durumda olmasında kluba bağlılığı olan hər kəsin payı var - prezidentdən tutmuş, azarkeşinə kimi. Azarkeşlər niyə? Dəfələrlə olub, "Neftçi"ni tənqid edəndə, komanda kimi möhkəm olmadığını, ötənilki çempionluğun aldadıcı olduğunu yazanda, klubun azarkeşləri hücuma keçiblər, təhqir ediblər. Halbuki "Neftçi" xirtdəyə kimi problemlərin içindədir, mətbuatın da obyektiv yanaşması tənqid etmək, problemləri yazmaqdır. Amma dediyim kimi, komandanın azarkeşləri adətən rəhbərliyə etiraz etmək əvəzinə mətbuatın üzərinə hücum edir. Mən klub rəhbərliyindən heç danışmaq istəmirəm. "Neftçi" kimi imkanları, tarixi, yeri olan komanda bu gündədirsə, əsas günahkar rəhbərlikdir. Baş məşqçi Samir Abasovun da müəyyən səhvləri var. Amma onun səhvləri təxminən milli komandanın baş məşqçisi Canni De Byazinin səhvləri qədərdir. Milliylə bağlı məsələdə əsas günahkar AFFA olduğu kimi, "Neftçi" məsələsində də əsas günahkar AFFA rəhbərliyi və onların klubu tapşırdıqları şəxslərdir".

Xanoğlan/Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti