Braziliyada oturub, Mahirin “Legiya”dakı oyunlarını izləyir - MÜSAHİBƏ

29 Sentyabr 2021 23:22 Müsahibə 2 257
Braziliyada oturub, Mahirin “Legiya”dakı oyunlarını izləyir - MÜSAHİBƏ

Azərbaycan millisinin formasını geyinmişlərin arasında çox az sayda milliləşdirilmiş olub ki, ölkəmizə dəyər verib, sevib. Hətta Azərbaycanı tərk edəndən sonra da burda yaşananlarla maraqlanıb, Bakı xatirələrini özü üçün unudulmaz edib. Belələrindən biri də Fabio Luis Ramimdir.

Vaxtilə “MKT-Araz”, “Olimpik” və “Bakı” kimi komandaların şərəfini qoruyan, Berti Foqtsun dönəmində yığmada keçirdiyi 16 oyunda 4 qol vuran, çoxlarının Ramin kimi xatırladığı braziliyalı yarımmüdafiəçi.

Adam Braziliyada oturub, Mahir Emrelinin “Legiya”dakı çıxışını izləyirsə, sizcə, əlavə şərhə ehtiyac varmı?

Elə isə, Fabionun Sportinfo.az-a müsahibəsi ilə tanış olun.

- İtkin düşənlərdən biri də sənsən. Dedim, səsini eşidim, hal-əhval tutum.

- Sağ ol, dostum. Sən hər zaman diqqətcil olmusan. Uşaqlar böyüyür, özümüz qocalırıq. Başımız iş-gücə qarışıb.

- İş-güc var heç olmasa?

- Var-var. “Bakı”nın Futbol Akademiyası kimi akademiya açmışam burda. Daha doğrusu, dostlarımla birgə bu işə girişmişik. Bu dəqiqə bütün diqqətimi bu işə həsr etmişəm. Həm akademiyanın sahiblərindən biriyəm, həm də məşqçi işləyirəm. Sağlıq olsun, növbəti il akademiyanın tərkibində klub yaratmaq fikrimiz var.

- Peşəkar çempionatda iştirak edəcək klub demək istəyirsən?

- Bu dəqiqə akademiyadakı uşaqların yaşı 23-ə qədərdir. Ona görə də ilk mərhələdə əsas məqsədimiz gənclərdən ibarət klub yaratmaqdır. Hər şey istədiyimiz kimi getsə və maliyyə dayaqlarımızı möhkəmləndirə bilsək, peşəkar klub yaratmaq olar.

- Akademiyanın adı nədir? Təsadüfən “Bakı”, yaxud “Azərbaycan” deyil?

- (gülür) Dediyim kimi, bu işdə tək deyiləm. Ona görə də hər şey sırf mən istəyən kimi olmur. Amma akademiyanın gələcəyi ilə bağlı planların içində Azərbaycanın da adı var.

- Nə mənada?

- Yaxın gələcəkdə Azərbaycana səfər edib, AFFA rəhbərliyi ilə görüşmək istəyirəm. Məqsədim Azərbaycanla Braziliya arasında qardaşlıq körpüsü yaratmaqdır. Məsələn, azərbaycanlı gənc və yeniyetmələr bizim akademiyaya gəlsin, burdakı çempionatda oynasın, məşq və oyunlar zamanı fərqləri görsün, bir sözlə, məqsədyönlü şəkildə inkişaf etsinlər. Bu mənada Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərinə fayda vermək istəyirəm. Bəzən əsas və digər yığmaların oyunlarına baxıram. Həqiqətən də düzəlməli olan çox şey var. İlk növbədə gənclər ölkə xaricinə çıxmalı, təcrübə toplamalıdırlar.

- Burdan gedəndən sonra nə etdin?

- 2013-ün sonunda Bakını tərk etdim. Braziliyaya gəldim və 1 ilə yaxın oynadım. Təəssüf ki, dizimdəki zədə karyeramı davam etdirməyə imkan vermədi. 34 yaşımda karyerama son verməli oldum. Ondan sonra fiziki hazırlıq üzrə məşqçi kurslarına yazıldım və diploma sahib oldum. Hazırda Braziliya Futbol Federasiyasının təqdim etdiyi B kateqoriyasına sahibəm.

- Sənə zəng etməmişdən öncə 2014-cü ildəki yazışmamızı oxuyuram, həmin vaxt menecerlik etdiyini demisən mənə. Onun axırı nə oldu?

- Bu yöndə çox çalışsam da, alındıra bilmədim. Menecerlik sahəsi elədir ki, daim səfərlər etməli, danışıqlar aparmalı, bir sözlə, böyük enerji sərf etməlisən. Tərslikdən təyyarədə uçmaqla aram yoxdur. Bir müddət işlədim, gördüm tam mən istəyən deyil.

- Azərbaycan klubları ilə əməkdaşlıq etmişdin?

- Dario Federikonu “Kəpəz”ə vermişdim. Sonra “Neftçi”də oynadı. Jayronu da “Neftçi”yə mən göndərmişdim. 2016-da gənc oyunçunu Antalyaya aparmışdım. “Neftçi”nin düşərgəsində baxışda oldu, lakin özünü yaxşı tərəfdən göstərə bilmədi. İndi Portuqaliyada oynayır. Belə şeyləri görəndən sonra özümü akademiyaya, məşqçiliyə yönəltdim.

- Futboldan qazandığın pullarla biznes qura bilmisən?

- Akademiya mənim biznesimdir. Ora müəyyən vəsait yatırmışam. Üstəlik, Alinlə birgə (həyat yoldaşı) itlər üçün qayğı mərkəzi açmışıq. İtləri sevirik, yadındadırsa, hələ Azərbaycanda yaşayanda it saxlayırdıq. Qayğı mərkəzi dediyim klinika kimidir, itlər müalicə olunur. Ora xanımım nəzarət edir, mən idarəetmə ilə məşğulam.

- İt klinikasında gəlir var?

- Əlbəttə, var. Futbolçu maaşı qədər olmasa da, biznes kimi sərfəlidir. Sadəcə, işi bilməlisən.

- Azərbaycan futbolu ilə maraqlanırsan?

- Bu suala görə sənə həbs düşür (gülür). Təbii ki, maraqlanıram. “Qarabağ”, “Neftçi”, milli komanda.... Bu gün “Qarabağ”ın Konfrans Liqasında oyunu olmalıdır.

- Sabah “Omoniya” ilə oynayır.

- Ay, üzr istəyirəm, sabah. İlk matçda bərabərə qaldı, fikrimcə, bu dəfə qələbə qazanar. Bu il yaxşı görünürlər.

- Hazırda Azərbaycan futbolunda səni təəccübləndirən nəsə var?

- Məni yaxşı mənada təəccübləndirən klubların sosial media baxımından inkişaf etməsidir. “Feysbuk”, “instaqram”, “teleqram” kimi məşhur platformalarda anbaan bütün məlumatlara sahib olmaq mümkündür. Üstəlik, şəkil və videolar yerləşdirilir. Bizim vaxtımızda öz oyunumuzdan çəkilən şəkillərə qovuşmaq üçün nə qədər gözləyirdik (gülür). Təəssüf ki, çempionat baxımından xoş sözlər deyə bilməyəcəm. Cəmi 8 komanda var, “Qarabağ” digərlərini bir baş üstələyir. Hə, bir az “Neftçi”də canlanma var, qalanları öz aralarında mübarizə aparır. Bəzi klublarda təşkilatçılıq yüksək səviyyədədir, amma meydanda nəticə verə bilmirlər.

- Yığma barədə nə deyə bilərsən?

- Çempionatın səviyyəsi yığmanın gücünün göstəricisidir. Ona görə də yüksək fikirlər söyləmək çətindir. İrlandiya və Portuqaliya ilə son matçlara baxdım. Açıq deyirəm, ciddi mənada inkişaf görə bilmədim. Aşağı yaş qruplarından tam məlumatlı olmadığım üçün gələcəklə bağlı proqnoz verə bilməyəcəm. Lakin indiki durum heç də yaxşı deyil. Mahirin “Legiya”dakı çıxışını izləyirəm. Mən “Bakı”da oynayanda, o, yanımızda böyüyən uşaq idi. Potensialı yüksək idi o vaxt. Ona görə də bu gün Polşa çempionatında adından söz etdirir. Namiq Ələsgərovun özü. O da bizim yanımızda yetişib. Ötən mövsüm “Neftçi”nin çempionluğunda böyük rol oynadı, indi Türkiyədə çıxış edir. Mahirlə Namiqi fərqləndirmək olar. Ancaq belə adlar 1-2 yox, 10-20, 50-100 olmalıdır.

- Maşallah, Azərbaycan futbolu haqda burda özünə futbol bilicisi deyənlərin bəzilərindən daha çox məlumatlısan.

- Mənim ürəyim hər zaman Azərbaycanla döyünüb. Çünki mən orda yaşayanda, heç vaxt sırf pulu düşünməmişəm. Azərbaycandakı yaşayışım, ailəmin rahatlığı, mənə və bizə olan münasibət hər zaman ürəyimcə olub. Allah haqqı, bu sözləri indi səninlə danışıram deyə demirəm. Xanımımdan, burdakı dostlarımdan Azərbaycan və Bakı sevgimi soruşa bilərsən. Məşqdən evə yorğun gəlirdim, inanırsan, əynimi dəyişib, ailəmi götürüb gedirdim Bulvara. Şəhərdə kimsə görüb-tanıyanda, isti münasibət göstərəndə sanki dünyaları verirdilər mənə. Heyf həmin dövrdə oynadım, bir az sonra oynasaydım, əla olardı.

- Niyə?

- Mən oynayan vaxtlarda Bakıda indiki səviyyədə beynəlxalq tədbirlər keçirilmirdi. “Formula-1”, Avroliqanın finalı, Avropa çempionatının final mərhələsinin oyunları... Bunları canlı izləmək xoş olardı.

- Bunları indi canlı görsəydin, o vaxtkı pulları görməyəcəkdin.

- Peşəkar futbolçuya həmişə pul var. Eybi yox, nisbətən az qazanardım, amma bu gözəllikləri görmək qismət olardı. Çünki adlarını çəkdiyim yarışlar hər adamın ayağına gəlmir ki, canlı baxasan. Bir də ki, pandemiya bütün ölkələr kimi, Braziliyanı da çökdürüb. 3-5 il əvvəl aylıq 5 min dollara ağız büzən futbolçular indi “5 min” eşidən kimi qaça-qaça gəlir.

Müsahibəni tamamlayıb diktofonu söndürdüyümü deyirəm, fürsətdən istifadə yararlanıb əlavə etmək istədiyini deyir.

- Vaxtilə birgə çalışdığım məşqçi və futbolçulara, inzibati heyət işçilərinə, münasibətim olan insanlara, tribunada bizə dəstək verən azarkeşlərə salam göndərirəm. Möhkəm və sağlam olun! Qismət olsa, ən qısa zamanda görüşərik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"