Millətlər Liqası: Azərbaycan üçün ideal qrup necə olar?

27 Fevral 2020 19:20 Milli komanda 1 280
Millətlər Liqası: Azərbaycan üçün ideal qrup necə olar?

Bu həftə Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq. Martın 3-də Amsterdamda təşkil olunacaq mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşəcək. Bəs milli üçün ideal qrup necə olar?

İlk turnirdən fərqli olaraq, bu dəfə liqaların tərkibi dəyişib və Azərbaycan D yox, C Divizionunda mübarizə aparacaq. Əgər D Liqasında yığmamız ən güclülərdən hesab edilirdisə, C Liqasının ən zəiflərindəndi. Milli komanda püşkatmaya da 4-cü səbətdən qatılacaq.

C Liqasında səbətlərin tərkibi belədi:

I səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
II səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
III səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
IV səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova

Aydındı ki, sonuncu səbətdə yer alanlardan heç biri bizimlə eyni qrupda yer almayacaq. Digər bütün komandalar isə potensial rəqiblərdi. Onların hər hansı iləsə münaqişə yoxdu, aradakı məsafə də UEFA-nın qoyduğu 8 saatlıq uçuş bariyerini aşmır.

1-ci səbət haqda ciddi təhlilə ehtiyac görünmür. Ordan Azərbaycan millisi üçün ən uyğun rəqib Gürcüstan yığmasıdı. Yəqin ki, digər bütün komandalar da məhz gürcüləri arzulayır. Albaniya və Monteneqro 2-3-cü seçimlərdisə, ən arzuolunmaz rəqib Yunanıstandı.

İkinci səbətlə bağlı qəti danışmaq asan deyil. Burdan çıxmaq ehtimalı olan hər 4 komanda çətin variantlardı. Kosovo ilk turnirdən tanışdı və heç də xoş olmayan xatirələr var. Üstəlik, bu ölkənin futbolu yüksəlişdədi. AVRO-2020-nin seçmə mərhələsində də Kosovo kifayət qədər yaxşı nəticə göstərdi. Reytinqinə görə 2-ci səbətin ən zəifi olsa da, Azərbaycan yığması üçün istəmədiyimiz rəqibdi.

Son illərdə Şimali Makedoniya futbolundakı müəyyən eniş də artıq yerini yüksəlişə verib. Bu yığma AVRO-2020-nin seçmə mərhələsində yaxşı mübarizə aparmışdı. 2-ci səbətdən daha uyğun görünənlər Belarus və Kiprdi. Onlar arasında seçim etmək olduqca çətindi. Prinsipcə aralarında böyük fərq də yoxdu. Ancaq Kipr Azərbaycan yığması üçün daha çətin üsluba malik yığmadı. Son tsikldə də onlar Belarusdan daha yaxşı nəticə göstərib. 2-ci səbətdən daha münasibi Belarus görünür.

3-cü səbətdən istənməyən komanda Sloveniyadı. Lüksemburq cırtdan ölkə olsa da, indi əvvəlki kimi Avropanın ən zəiflərindən deyil. Son illərdə bu ölkədə futbol xeyli irəli gedib, “Düdelanj”ın avrokuboklardakı nəticələri də fikri təsdiqləyir. Digər 2 rəqib isə olduqca münasibdi, Litva olsa, daha yaxşı (futbolpress.az).

Beləliklə, fikrimizcə, milli üçün ideal qrup bu cür olar: Gürcüstan, Belarus, Litva, Azərbaycan.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"