AFFA Azərbaycan U-20 millisinin yeni baş məşqçisi Rui Jorje üçün mətbuat konfransı təşkil edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tədbir martın 16-da keçiriləcək və saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb.
Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb.
Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

