Yaxın Şərqdə baş verən hərbi gərginlik futbol sektoruna da təsirsiz ötüşməyəcək.
Sportinfo.az xəbər verir ki, ABŞ və İsraillə İran arasındakı savaş milli komandaların martda keçirmələri nəzərdə tutulan oyunlarının ləğvinə və ya təxirə salınmasına səbəb ola bilər.
Məsələ burasındadır ki, bu ayın sonlarında Millətlər Liqasında pley-off mərhələsinin oyunları, həmçinin bir neçə ölkədə FIFA Series turniri təşkil olunacaq.
Eyni zamanda Azərbaycanda da 4 komandanın iştirakı ilə “FIFA Series – 2026”nın təşkili nəzərdə tutulub.
Lakin hazırda davam edən müharibə səbəbindən bir çox ölkələrdə hava limanları fəaliyyətini dondurub, uçuşlar dayandırılıb.
Oman, Syerra Leone və Sent Lüsiya yığmalarının da ölkəmizə səfəri sual altına düşüb. Xüsusən də Oman millisinin turnirdə iştirak ehtimalı az qiymətləndirilir.
Hər halda müharibə davam edəcəyi təqdirdə FIFA və UEFA yaxın günlərdə martda keçiriləcək oyunlarla bağlı radikal qərarlar verə bilər.

