İndi də Rusiyanın "Dinamo" klubunda çıxış edən Ülvi Babayevin millimizdə çıxış etməsi üçün yollar axtarılır.
Mətbuat yazır, mütəxəssislər açıqlama verir.
Bildiyim qədərilə AFFA-dan da müəyyən cəhdlər edilib.
Nahaq...
Hə, ölkə xaricində olan istedadlı həmyerlilərimizi milli komandaya cəlb etmək üçün iş aparılmalıdır.
Amma qarşı tərəf bunda maraqlı deyilsə, israra dəyməz.
Özü də Rusiyada olanlara görə heç dəyməz.
Gələnlərdən əlimiz bala batdı, qaldı bircə Ülvi.
Zamanında Ramil Şeydayev, Ayaz Quliyev, Azər Əliyev kimilərin ölkənin bir nömrəli komandasına cəlb edilməsi üçün az addımlar atılmadı.
Yekunda istəyimizə çatdıqlarımız da oldu.
Biz də bəh-bəhlə qarşıladıq. Bəs sonrası?
Yalnız Emin Mahmudov istisnadır. Millimizin bombardiri yolunda çəkilən əziyyətin zərrəsinə qədər haqqını verib.
Digərləri burdakı yerlilərdən ciddi nə iləsə yadda qalmayıb.
Nisbətən Ramil seçilib. O da Qurban Qurbanovun sayəsində. Əks halda, Ayaz Quliyev kimi elə "Sabah"ın ehtiyat oyunçular skamiyasında gün keçirəcəkdi.
Necə ki, Azər Əliyev "Neftçi"də bir işə yaramadı.
Qısası, Rusiya şnelindən çıxan həmyerlilərimizdən yarımamışıq.
Yollarında çox da əziyyət çəkməyə, ayaqları altına xalça sərməyə dəyməz!
XANOĞLAN / SPORTİNFO.AZ

