U-21 millimiz üzvü Emil Rüstəmov Sportinfo.az-a açıqlama verib.
Mərkəz müdafiəçisi Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqi məğlub etdikləri (1:0) matç barədə danışıb:
“Ağır oyun keçəcəyini bilirdik. Rəqib 11 nəfərlə müdafiə olunurdu. Bu cür vəziyyətdə qol vurmaq daha da çətinləşir. Birinci hissədə 2-3 real qol imkanını dəyərləndirə bilmədik. Buna görə rəqib oyunçukarda inam artırdı. Çexiya və Şotlandiya millisi də burada bu cür çətinlik yaşamışdı”.
Gənc futbolçu vurulan qoldan sonra müdafiədə qapanmağı diqqətli olmağa bağlayıb:
“Qrupdakı ilk qələbəmizi qazanmaq istəyirdik. Bunun üçün oyuna çox istəkli çıxmışdıq. Topa daha çox sahib olub, daha çox qollar vurmaq istəsək də bəzi epizodlardan istifadə edə bilmədik. İlk qolu vurduqdan sonra daha çox diqqəti müdafiəyə ayırmağa çalışdıq. Bunu rəqibdən qorxub, çəkindiyimiz üçün deyil, sadəcə daha diqqətli olaraq bəzi epizodlardan effektli istifadə etməyə çalışırdıq. Əsas qələbə qazanmaq idi, bunu da bacardıq”.
“Səbail”in üzvü sonda arxada qalan 5 görüşdən əldə olunan 5 xalı dəyərləndirib:
“Məncə, arxada qalan 5 oyunda pis çıxış etmədik. Artıq 5 xalımız var, gələcəkdə vəziyyəti daha yaxşılaşdırmağa çalışacağıq”.
XANOĞLAN

