İlkin Fikrətoğlu “millinin oyunları “qumar”a qoyulub" deyənlərə SƏRT CAVAB verdi!

10 Oktyabr 22:20 Milli komanda 236
İlkin Fikrətoğlu “millinin oyunları “qumar”a qoyulub" deyənlərə SƏRT CAVAB verdi!

AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlər qarşısında millinin baş məşqşisi Fernandu Santuşun istefaya göndərildiyini açıqlayanda, Azərbaycan - Ukrayna matçına təxminən 32 saat qalırdı.

Vur-tut 32 saat!

Oyuna saatlar qalmış baş məşqçini istefaya göndərmək dünya futbolunda nadir hallarda rast gəlinən, bir növ fors-major bir haldır. Bizim AFFA da ilin 365 gününü qoyub, məhz oyuna 1 gün qalmış bu qərarı verdi.

Santuşun komandamıza gəlişi necə qəfil və səs-küylü olmuşdusa, istefası da eləcə qəfil oldu. Santuşun ümumiyyətlə, hansısa xarici məşqçinin bizim komandaya gətirilməsi əvvəlcədən böyük səhv idi, bu, öz yerində.

Ziyanın yarısından qayıtmaq üçün portuqaliyalı mütəxəssisi ya ötən payızda Millətlər Liqasındakı fiaskodan sonra, ya da bu yayda Latviya və Macarıstanla yoxlama görüşlərinin ardından göndərmək lazım idi ki, yeni baş məşqçinin dünya çempionatının seçmə mərhələsinə komandanı hazırlamağa vaxtı olsun.

Nə isə... AFFA Santuşla bağlı qərarını çox yersiz məqamda verdi və əslində, heç ziyanın yarısından da qayıtmadı. Santuş təzminatını avrosuna, sentinə qədər alaraq, Azərbaycanın milyonlarını özüylə apardı.

Sadəcə, AFFA rəhbərliyi ictimaiyyətin bundan sonrakı oyunlar üçün “milyonları Santuşa bu məğlubiyyətlərə görə verirsiz” tənəsindən canı qurtardı.

Bir necə milyon da boş-boşuna Santuş babaya getdi. Oyuna 32 saat qalmış komandaya kənardan məşqçi gətirmək, əlbəttə, absurd bir qərar olardı.

AFFA bu riski U-21-in baş məşqçisi Ayxan Abbasovun üzərinə qoydu. Təsəvvür edin, adamın öz komandası 3 gün əvvəl Portuqaliyadan ağır məğlubiyyət alıb, Baklda Bolqarıstanla oyuna hazırlaşır - yəni, öz dərdi özünə bəsdir.

Belə vəziyyətdə İslandiyada darmadağın olunmuş, mənəvi-psxiloji cəhətdən çökmüş əsas millini də ona tapşırırlar ki, onları Ukrayna ilə qarşılaşmaya hazırla.

32 saat ərzində ne etmək olar ki? Yalnız komandanı psixoloji hazırlamaq, ruhlandırmaq, oyunçuları döyüşçü kimi meydana çıxarmaq.

Və bəzilərinin bəyənmədiyi, AFFA rəhbərıiyinin illərdir görməzdən gəldiyi Ayxan Abbasov bunu bacardı.

Bəli, komanda keyfiyyətli oyun göstərmədi, amma daha səviyyəli heyətə malik Ukrayna qarşısında bundan artığını da edə bilıməzdi.

Sadəcə, İslandiya matçında meydanda ruh kimi gəzən oyunçular ukraynalılara qarşı sonadək mübarizə apardı.

Sosial şəbəkələrdə “Ukrayna qəsdən oynamadı, bukmekerlerin nəticədə əli var” kim düşük, əsassız fikirlər yazanlar, Elvin Cəfərquliyevin, Abdullah Xaybullayevin, Toral Bayramovun, Şahruddin Məhəməddəliyevin, Anton Krivotsyukun meydanda can qoymasını görə-görə necə belə düşünə bilir, cox maraqlıdır...

Ayxan Abbasov məşqçi kimi üzərinə düşəni maksimum etdi, rəqibə uyğun olaraq hansı oyunçuların potensialından istifadə etmək olar, düzgün müəyyənləşdirdi.

İndiyədək milli üzü görməyəm Xaybullayevə dəvət göndərib, start heyətdə şans verdi, o da meydanda az qala torpağı eşdi.

“Beşli müdafiə” sistemi quraraq, Ukraynanın baş məşqçisi Sergey Rebrovun dediyi kimi, rəqibə meydanda geniş hərəkət sahəsi vermədi.

Meydançanın bərbad vəziyyəti də ukraynalılara öz oyunlarını göstərməsinə digər tərəfdən əngəl törətdi.

Toral Bayramov əzmkarlığı hesabına komandaya penalti qazandırdı. Emin Mahmudov penaltini dəqiq vuraraq, yığmadakı qollarının sayını 15-ə çatdırdı və 21 ildir Qurban Qurbanova məxsus bombardir ünvanına sahib çıxdı.

Bununla da, sosial şəbəkələrdə bir neçə ildir davam edən daha bir yersiz. əsassız mübahisəyə son qoyuldu.

Azərbaycan dünya çempionatı-2026-nın seçmə mərhələsində ilk xalını qazandı, AFFA rəhbərliyi dərindən nəfəs alıb, bu 1 xalda əməyi olan futbolçuları 10-20 min manat arası mükafatlandırdı.

Ayxan Abbasov isə əksər jurnalistlərin, azarkeşlərin “illərdir davam edən milli komandaya milli məşqçi lazımdır” fikrinə təsdiq möhürünü vurdu.

Yəqin bu nəticədən sonra AFFA-nın rəhbərliyi Santuşu bura gətirməkdə necə böyük səhvə yol verdiyini anlayıb.

Ayxan Abbasov həmin gün ikiqat qalib oldu. Köməkçiləri ilə birgə Bolqarıstanla matça hazırladığı U-21 də 1:1 oynayaq, qrupda ilk xalını qazandı.

Bəs bundan sonra nə olacaq? Real danışaq, Fransa və Ukrayna ilə səfər matçlarında baş məşqçinin kimliyindın asılı olmayaraq, komandamızın xal qazanmaq şansı yoxdur.

İstədiyimiz yalnız bu görüşlərdə Ukrayna ilə Bakıdakı oyunda olduğu kimi mübarizə görməkdir. Bu seçmə mərhələdə növbəti sevincli günümüz yalnız İslandiya ilə Bakıdakı oyun ola bilər.

Ona görə də AFFA rəhbəriyi bu dəfə baş məşqçi təyinatında cari tsikli yox, qarşıdakı Millətlər Liqasını və AVRO-2028-in seçmə mərhələsini nəzərə almalıdır.

Bu illər ərzində xariciləri bəslədiz, ortada nəticə olmadı. Barı, səhvlərinizdən nəticə çıxarıb, bundan sonra öz məşqçilərmizə güvənin.

Ayxan Abbasov dayanmadan 90 dəqiqə texniki zonada sanki oyunçularıyla bərabər oynadı. Santuş, De Byazi, Yurcevic və ya Berti Foqtsda bu dərəcədə istəyi, entuziazmı görən olmuşdu?

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 03:50 Azərbaycanın QAZANCI!