Bu gecə uduzmaq olar, “döyülmək” yox!

20:00 Milli komanda 121
Bu gecə uduzmaq olar, “döyülmək” yox!

Azərbaycan yığmasının Parisdə Fransanı məğlub edəcəyinə inan(lar) var?

Öz adıma deyim, zərrə qədər inanmıram.

Möcüzə adlı anlayış var. Ancaq bu cür möcüzə yxuuda görülməyəcək qədər mümkünsüzdür.

Dünyanın hegemon ölkələrinə meydan oxuyan, futbolçularının adı dillər əzbəri olan komandanın dünya “100-lüy”ündən kənarda qalan Azərbaycan seçməsinə cüzi şans verəcəyi belə, inandırıcı görünmür.

Ən böyük təsəllimiz Fransanın qapısına endirilən zərbələrin və kornerlərin sayı ola bilər. Hə, bir də bəxt üzümüzə gülsə, qol vurmaq.

Deməyim odur ki, uşaqdan-böyüyə hamı fransızlara mümkün və real görünən məğlubiyyətlə barışıb. Dünya çempionuna uduzmaq nə vaxtdan qəbahət sayılıb ki?

Hə, biri var uduzmaq, biri də var “döyülmək”, “əzişdirilmək”, “şil-küt” olmaq. Bax, buna imkan vermək olmaz.

İllərdir “Qarabağ”ın timsalında futbolda döyüşkənlik və motivasiyanın çox önəmli rol oynadığını görməkdəyik. Ağdamlıların qarşısına Avropa nəhəngləri çıxıb, səfərdə 50-60 min azarkeşin önündə oynayıb. Lakin heç vaxt rəzil günə düşəcək qədər əzilməyib, qapısının “aşsüzən”ə dönməsinə imkan verməyib.

Böyük hesabla yenildiyi matçlarda belə, rəqiblərə boy verib, təhlükə yaradıb, varlığını göstərib. Ancaq “döyülməyib”.

Meydanı 0:5-lə tərk edə bilərsən, lakin həmin yenilgi yaddaşlarda “kişi kimi uduzmaq” kimi qalmalıdır. Bunun üçün xarakter lazımdır. Milli ruh, vətənpərvərlik, ölkənin adı, şəhidlərin xatirəsini şad etmək üçün döyüşmək tələb olunur.

30 ildir Fransanın adı gələndə ağıllarda 1995-ci ildəki 0:10 dolaşır. O ləkəni nisbətən təmizləmək üçün əlim(n)izə əla imkan düşüb. Rəqibin heyətindəki itkilərdən maksimum yararlanmaqla meydanı layiqli nəticə (məğlubiyyət də ola bilər) ilə tərk etmək.

Uduzun, amma “döyülməyin”!

Oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti