
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyinatı futbol ictimaiyyətində birmənalı qarşılanmadı.
Səbəbsiz deyil. Niyələri isə çoxdur. Şəxsən mən də AFFA-nın bu təyinatını bəyənmədim.
Hər zaman gənc məşqçilərin işləməsinin, şans almasının tərəfdarıyam.
Rəşad Eyyubovla da aramda hər hansı problem yoxdur.
Sadəcə ciddi bir nəticəsi olmayan adamın millidə birdən-birə baş məşqçi olması risklidir.
Rəşad "Sabah"da və əsas millidə qısa müddət köməkçi məşqçi kimi çalışıb. Bilmirəm, bəlkə də köməkçi məşqçi kimi yaxşıdır.
Amma baş məşqçi tam başqa statusdur. Eyyubov özünə bu qədər güvənirsə, gedib klubların birində baş məşqçi kimi işə başlayardı. Ortaya nəsə bir iş qoyardı. Adam heç əvəzedici komandada belə baş məşqçi olmağın dadını hiss etməyib. Nə yoğurdum, nə yapdım hazırca kökə tapdım bu olsun gərək.
Bu gün o qədər işsiz mütəxəssislərimiz var ki...
Nə qəhəd idi axı heç yerdə adı olmayan birini gətirib milli komandada başda otuzdurmağa?
Unutmayaq ki, gənclər millisi strateji nöqtədir. Əsas yığmaya uşaqlar məhz oradan gəlir.
Narazılıqları, müzakirələri təbii qəbul edirəm. 33 yaşlı məşqçinin təyinatını uğursuz qərar hesab edirəm.
Təki fəaliyyəti ilə hamımızı təəccübləndirmiş olsun. Proqnozlarımızı alt-üst etsin. Buna yalnız sevinirək.
Bircə daha bir neçə ili boşa itirmiş olmayaq.
XANOĞLAN İMANOV