
Nəhayət, AFFA əsas millinin baş məşqçisi kimi Ayxan Abbasovla yola davam etməyə qərar verdi.
Federasiyanın bu addımı böyük çoxluq tərəfindən müsbət qəbul olundu.
Amma narazılığını bürüzə verənlər də yox deyildi.
Məsələn, onun barəsində "Ayxan Abbasovun nə nəticəsi var ki, milli komandaya gətirilir" sualını sosial şəbəkələrdə daha çox gördüm.
Ya bu adamlar qərəzlidir, ya da ölkə futbolundan xəbərsiz.
Əks halda, bu sualı niyə verəsən ki?
Ən pis halda, internetdə axtarış versən xəbər alacaqsan ki, bu adam getdiyi heç bir yerdə uğursuz olmayıb.
Çox ciddi faktdır.
Bir az detallara baş vuraq.
Abbasov məşqçi karyerasına 2015-ci ildə "Zirə"də başlayıb. "Qartallar"ı tarixində ilk dəfə avrokuboklara aparıb, orada bir mərhələ adlamağı bacarıb. Gənc komandaya ilk bürünc medalı da o qazandırıb.
2018-21-ci illər aralığında "Sumqayıt"ın sükanı arxasında olub.
"Kimyaçılar" onun rəhbərliyi altında bir çox ilklərə imza atıb. Klub tarixində ilk dəfə avrokuboklarda iştirak edib. Bu uğurunu sonradan təkrarlayıb da.
"Kimyaçılar"a ən yüksək nəticəsini - bürünc medalı qazandırıb.
Azarkeşlərinə iki dəfə Ölkə Kubokunun finalında oynamaq sevincini bəxş edib.
2022-24-cü illəri "Turan-Tovuz"da keçirib. Uzun illər sonra elitaya qayıdan bölgə klubunu ciddi maliyyə sıxıntısı altında sıfırdan yığıb. Hədəf liqada möhkəmlənmək olub, onu da çox rahat şəkildə təmin edib.
Son iki mövsümü isə "Şamaxı"nın uğurları üçün çalışır.
"Şirlər" Premyer Liqada sponsoru olmayan yeganə komandadır. Liqada qalmaq ən ümdə arzularıdır. Ki, ötən mövsüm bunu asanlıqla bacardı, bu sezon da edəcəyi şübhə doğurmur.
Qısası, getdiyi hər yerdə qarşısına qoyulan hədəfləri artıqlaması ilə yerinə yetirib.
Özü də büdcəsi az, şəraiti aşağı, heyəti kasad komandalarda və ən əsası məhdud zaman çərçivəsində.
İndi sırada milli komandadır.
Qısası, təyinat məntiqlidir, qalır özünü doğrultması.
XANOĞLAN İMANOV