
“Azərbaycanlılar da futbol oynamağı, çağırışları cəsarətlə qəbul etməyi bacarırlar. Biz buna cavab tapmalı idik”.
Teleqraf xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Macarıstan millisinin və “Liverpul”un futbolçusu Dominik Soboslai Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi bu qalibiyyətin onlara heç də asan başa gəlmədiyi bildirib:
“Buraxdığımız qola yaxşı reaksiya verdik, bu, 85-ci dəqiqəyə qədər belə davam etdi. Sonra isə bir az arxayınlaşdıq, yəqin ki, yorulmuşduq.
Amma əsas odur ki, qalib gəldik. Açığı, sonuncu dəfə nə vaxt dörd müdafiəçi ilə oynadığımızı xatırlamıram, amma fikrimcə, pis görünmürdük.
Bizə topa sərbəst şəkildə nəzarət etmək imkanı verilmişdi, yarımmüdafiədə üç nəfər idik, hücumda daha çox olurduq. Bu yaxşı idi, indi isə görək payıza necə başlayacağıq”.
Macarıstan ilk yoxlama görüşündə İsveçə 0:2 hesabı ilə məğlub olub. Azərbaycan isə Latviya ilə səfərdə qolsuz bərabərə qalıb.