.jpg)
Ardıcıl yoxlama oyunları keçirmək komanda üçün xeyirli olacaq
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah Belarusa qarşı keçirəcəkləri yoxlama oyunu barədə danışıb:
"Bu, rəsmi qarşılaşmalar öncəsi bizim sonuncu təlim-məşq toplanışımızdır. İstəyirik ki, hazırlıq çərçivəsində maksimum güc toplayaq.
Çünki sentyabrda bizi Portuqaliya və Bolqarıstan seçmələrinə qarşı çətin matçlar gözləyir. Buna görə səfərə yollandıq və istədik ki, futbolçularımız səfər yorğunluğunu hiss etsinlər. Ardıcıl yoxlama matçları keçirmək komanda üçün xeyirli olacaq. Belarus yaxşı komandadır. Bizi sabah bu komandaya qarşı ağır qarşılaşma gözləyir. Yoxlama görüşü də olsa, qələbə qazanmaq istəyirik. Əsas məqsədimiz futbolçuların əzmkar və istəkli çıxış etmələridir".
A.Abbasov belə görüşlərin gənc futbolçular üçün böyük təcrübə olduğunu söyləyib:
"Futbolçular çətin mövsümü arxada qoydular. Bəlkə də gəncdirlər, yorğunluğu o qədər hiss etmirlər. Amma milli komandada hər şeyi kənara qoyub, yığmanın uğurları üçün çalışmalıyıq. Qarşıda istirahət üçün vaxt olacaq. Onsuz da, bəzi futbolçular öz klublarında yetərincə forma geyinmək şansı qazanmayıblar. Düşünürəm ki, həmin futbolçular və digərləri bu cür yoxlama oyunlarında çıxış etmək üçün can atırlar. Milli komandaya dəvət almaq hər kəsə nəsib olmur".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. Milli daha sonra hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.