
Bir neçə gün əvvəl Azərbaycan milli komandasının Latviya və Macarıstana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlandı.
Baş məşqçi Fernandu Santuşun yığmaya dəvət etdiyi oyunçular arasında yeni sima gözdən qaçmadı.
Söhbət "Şamaxı"nı yarımmüdafiəçisi Rauf Rüstəmlidən gedir.
Əla mövsüm keçirən orta sahə oyunçusu Sportinfo.az-a müsahibəsində ilk olaraq qərarı şərh edib.
- Xəbəri eşidəndə çox sevindim. Hər bir futbolçu kimi millidə oynamaq mənim də arzum idi. Dəvətə və etimada görə təşəkkür edirəm. Milliyə layiq olduğumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
- Xüsusi təşəkkür edəcəyin adamlar var?
- Baş məşqçimiz Ayxan Abbasova mənə şans verdiyi, inandığı, güvəndiyi üçün çox sağ ol deyirəm. Komanda yoldaşlarımın əməyini unuda bilmərəm. Üzərimdə əziyyəti olan hər kəsdən Allah razı olsun.
- Ötən mövsüm Əvəzedici Liqada çıxış edən Raufu bu gün ölkənin əsas milli komandasında görürük. Arxaya boylanaraq geridən qalan 1 ilə göz gəzdirərkən nələr düşünürsən?
- Ötən mövsüm belə bir şey olacağını desəydilər heç inanmazdım. Həqiqətən, əziyyət çəkəndə onun da bəhrəsini görürsən. Allahın verdiyi güclə.
- Özünü psixoloji olaraq milli səviyyədə oyunlara hazır hiss edirsən?
- Bu mövsüm böyük oyun təcrübəsi əldə etdim. Düşünürəm ki, psixoloji olaraq da hazır olacağam. Şans veriləcəyi təqdirdə əlimdən gələni edəcəyəm.
- Maraqlıdır, ilk olaraq sevincini kiminlə bölüşdün?
- Atamla.
XANOĞLAN İMANOV