
Bakıda 32 komandanın 8 qrupa bölünərək mübarizə aparacağı minifutbol üzrə dünya çempionatına start verilib.
Azərbaycan millisi A qrupunda ilk oyununu Bəhreyn komandasına qarşı keçirib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Sportinfo.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:
“Mən demişdim də, birinci oyun çox çətindir. Evdə oynayırdıq. İlk matç çətin oldu. Meydança amili də var idi. Rəqiblər də bizə qarşı güclü hazırlaşırlar. Artıq bu oyun geridə qaldı. Növbəti oyunlara baxacağıq. Uğurlu nəticə qazanaraq qrupda birinci çıxmaq istəyirik”.
- İlk oyunun belə çətin keçməsi komandaya müsbət təsir edə bilər ki, rəqiblər bizə qarşı çox ciddi hazırlaşır?
- Doğrudur. Avropa çempionu olan vaxtı da ilk matçda rumınlara uduzmuşduq. Sonradan yığışıb daha yaxşı oynadıq. Deməzdim ki, Bəhreynə qarşı pis oynadıq. Yaxşı oynadıq, epiozodlarımız oldu. Öz səhvimizdən qol buraxdıq. Vaxtımız var. İşləyəcəyik. Daha yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik.
- Ramiz Çovdarovun milliyə dəvət edilməsi bir çoxları üçün sürpriz oldu. Çünkü sonuncu dəfə bir il əvvəl “Zirə”nin heyətində görünmüşdü...
- Ramiz Almaniyada yaşayır, orada oynayır. Bizə lazımlı oyunçudur, solaxay futbolçudur. İnanıram ki, özünü yaxşı tərəfdən göstərəcək.