
21 yaşadək futbolçulardan ibarət yığmada yeni məşqçi təyinatı olub.
Mayın 18-də karyerasını bitirən “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev bundan sonra U-21-də çalışacaq.
Ayxan Abbasov vaxtilə həm “Zirə“, həm də “Sumqayıt“da rəhbərliyi altında çıxış etmiş keçmiş yarımmüdafiəçini özünə köməkçi götürüb.
44 yaşlı çalışdırıcının ondan qabaq “Qarabağ“ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəyevi öz korpusuna götürməsini də xatırladaq.
“Kimyaçılar”ın üzvləri Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Turan Tovuz”la oyundan (0:1) öncə 31 yaşlı Mustafayev üçün yolasalma təşkil edib.
Futbolçuların yaratdığı dəhlizdən övladları ilə keçən yarımmüdafiəçiyə “Sumqayıt”ın prezidenti Riaf Rəfiyev xatirə plaketi təqdim eləyib. Onların adından isə Elvin Bədəlovla Murad Xaçayev səbəbkara xüsusi hədiyyə veriblər.
Mustafayev qarşılaşmada topa ilk toxuşu edib.
Vüqar Mustafayev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə cəza səbəbindən iştirak edə bilməyib. Buna səbəb onun ötən tur "Kəpəz"lə matçın 89-cu dəqiqəsində baş vermiş münaqişə zamanı qırmızı vərəqə ilə cəzalanmasıdır.
AFFA İntizam Komitəsi Mustafayevi təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun diskvalifikasiyaya məruz qalıb.
Vüqar Mustafayev 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyur. O, Azərbaycan millisinin heyətində 11 oyuna çıxıb.
SPORTİNFO.AZ