Yorulmuş, tükənmiş, noqdaunda olan "Qarabağ"

7 Dekabr 2019 14:30 Köşə 1 343
Yorulmuş, tükənmiş, noqdaunda olan "Qarabağ"

"Qarabağ" cari mövsümdə 4-cü dəfə heç-heçə etdi. Bu dəfə oyuna yarımcan çıxan "Keşlə" ilə matçda. Tərlan Əhmədovun komandasında Frutos, Boyoviç, Sezar Meza Kolli kimi aparıcı futbolçular müxtəlif səbəblərdən son çempiona qarşı oynaya bilmirdilər. Amma Ağdam klubu bu vəziyyətdə olan "Keşlə"ni belə məğlub edə bilmədi.

Oyundan sonra Qurban Qurbanov da etiraf etdi ki, komandada psixoloji və fiziki yorğunluq var, futbolçular yüklənib. Halbuki "Qarabağ" heyətinin genişliyinə görə Premyer Liqanın bütün klublarından öndədir. Təsəvvür edin ki, hücumdakı problemləri həll etmək üçün transfer olunan Maqaye Geye Azərbaycan çempionatında da yalnız oyunun sonlarında meydana daxil olur. Ümumiyyətlə, "Qarabağ" Geyeni hansı prinsiplərə, hansı bacarığına görə gətirib, hələ də mənə məlum deyil. Adam Bakıya gələndə ən azı 10 kq artıq çəkisi var idi. Heç indi də Maqayenin sürət və cəldlik baxımından seçildiyini demək olmaz. Maraqlıdır ki, "Qarabağ" son illər Türkiyənin I liqasından transfer etmirdi. Ancaq nədənsə Geye məsələsində Ağdam klubu prinsiplərindən vaz keçməli oldu. Ümumiyyətlə, futbolçu karyerasında hücumçu olmuş Qurbanov nədənsə, məhz forvard seçimində yanılır.

"Qarabağ"la ən yaxın izləyicisi arasında 8 xal fərq var. Başqa vaxt olsaydı, "Neftçi" və ya digər klublar Ağdam komandasının bu yorğunluğundan, yüklənməsindən istifadə edib xal fərqini aradan qaldırardı. Ancaq iş orasındadır ki, digər klublar da bərbad vəziyyətdədir. "Neftçi" son pillədə olan "Səbail"in qapısına yol tapa bilmir, "Keşlə" gözlənilmədən "Zirə"yə bütün komponentlərdə uduzur. Odur ki, "Qarabağ"ın futbolçuları itirilmiş xallara görə bir o qədər də təlaş keçirmirlər. Bilirlər ki, onlar "Keşlə" ilə bərabərə qalsalar da, "Neftçi" də bu gün "Sabah"la oyunda büdrəyə bilər.

"Neftçi" "Bney Yehuda" məğlubiyyətindən sonra nokauta düşmüşdüsə, Ağdam komandası da APOEL-lə oyunlardan sonra noqdaundadır. Rəhbərlik də "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmasını gözləyirmiş. Təsadüfi deyil ki, "Sevilya" ilə oyundan sonra vitse-prezident Tahir Gözəl "xəyalımdakı "Qarabağ"ı görmədim" dedi.

Yaxşı ki, qarşıdan qış fasiləsi gəlir, "Qarabağ"ın özünə gəlməsi üçün kifayət qədər vaxt var. Əslində komanda bir cəbhədə mübarizə apardığından bəzi lazımsız legionerlərdən qurtulub büdcəni bir qədər azalda bilər. Amma iş orasındadır ki, əksər futbolçuların müqaviləsi mövsümün sonunda başa çatır. Odur ki, Geye, Rerras, Vaqner da Silva ehtiyat oyunçular skamyasında çempionatın başa çatmasını gözləyəcəklər.

ELNUR

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!