Qafqazın Cəbəllütariqi

17 Noyabr 2019 20:12 Köşə 1 154
Qafqazın Cəbəllütariqi

Sovet dövründə "Neftçi"nin "Ararat" və Tbilisi "Dinamo"su ilə oyunları daha gərgin və prinsipial keçirdi. Heç kim öz qonşusuna uduzmaq istəmirdi. 1981-ci ildə Kuboklar Kubokunu qazanan gürcülərdən fərqli olaraq, "Ararat" və "Neftçi"nin bu cür nailiyyəti olmayıb. İrəvan təmsilçisi 1973-cü ildə SSRİ çempionu olması, Bakı komandası isə 1966-da bürünc qazanmasını xatırlamağı xoşlayır.

Müstəqillik illərində vəziyyət bir qədər dəyişdi. Düzdür, 3 Zaqafqaziya respubliukasından heç biri dünya və Avropa çempionatlarının final mərhələsində iştirak etməyib. Amma klub səviyyəsində hər iki rəqibimizi üstələyə bildik - "Qarabağ"ın sayəsində. Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Ağdam klubundan fərqli olaraq, Gürcüstan və Ermənistan komandaları heç vaxt ÇL-də qrupa yüksələ bilməyiblər.

Məsələ milli komandalara gəlib çatanda isə vəziyyət bizim xeyrimizə deyil. Götürək, elə hazırkı seçmə mərhələni. Ermənistan AVRO-2020-nin seçmə tsiklinə yaxşı başlamışdı. Hətta bir ara bu komandanın qitə çempionatına vəsiqə qazanmaq şansları da var idi. Həmin vaxt bizi ən çox narahat edən də ermənilərin AVRO-ya gedə biləcəyi idi. Təsəvvür edin, Ermənistan Avropa çempionatına vəsiqə əldə edir və oyunları da Bakıya salınır. Şükürlər olsun ki, bu baş vermədi.

AÇ-2020-nin seçmə mərhələsinin başa çatmasına 1 tur qaldı. Millimiz 1 xalla qrupda sonuncu - 5-ci yeri tutur. Ermənilərin 10 xalı var, özü də Bosniya və Herseqovina kimi komandanı qabaqlayırlar.

Gürcüstana gəlincə, 8 xalla qrupda 4-cü yeri tutur. Vladimir Vaysın komandasının Cəbəllütariqi hər iki oyunda udacağı gözlənilən idi. Amma gürcülər Danimarka və İrlandiya kimi iddialı yığmalardan da xal ala bildilər.

Bir sözlə, Qafqazın ən zəifi Nikola Yurçeviçin çalışdırıdığı milli komandamızdır. Vaxt vardı, bizim klublara "Qafqazın "Barselona"sı, Qafqazın "Çelsi"si" deyirdilər. İndi biz heç Qafqazın Cəbəllütariqi də deyilik.

ELNUR

Xəbər Lenti