GİZLİ SKANDAL - Elxan Məmmədov bu şirkətin əliylə SOCAR-ın "cibini soyub"

18 Dekabr 2018 20:36 Köşə 1 575
GİZLİ SKANDAL - Elxan Məmmədov bu şirkətin əliylə SOCAR-ın "cibini soyub"

Cari futbol mövsümünün yarılanmasına bir şey qalmayıb.

Premyer Liqa 14 turdan sonra yeni il fasiləsinə yollanıbsa, 8 klubun ölkə kubokunun yarımfinal mərhələsinə çıxmaq uğrunda mübarizəsinə dekabrın 19-20-si aralağında aydınlıq gələcək.

Qış qapıdan içəri daxil olub. Elxan Məmmədov və əlaltıları üçün fəslin isti-soyuqluğu əhəmiyyət daşımır. Təki pul gəlsin, qazansınlar. Yol-irz ikinci, üçüncü dərəcəlidi.

Onları futbolçular, məşqçilər maraqlandırmır. «KitPro» üzərindən həyata keçirilən maxinasiyalardan bəlli oldu bütün bunlar.

Baş katibin təsiri keçən klublar hələ də qış geyimlərini gözləyə-gözləyə qalıb. Halbuki sifariş olunan mallara görə ödəmələr bəribaşdan edilib və xaricə çıxan məbləğ heç də az deyil.

Adətən, bu cür anlaşmaların ortalama 150-300 min manata başa gəlməsini düşünsək, «KitPro»nun müştərilərinə vurduğu ziyanın miqyasını təxmin etmək çətinlik törətməz.

Biz sözügedən şirkətin fəaliyyətinin qaranlıq yönləri ilə bağlı araşdırmalarımızın son hissəsində qeyd etmişdik ki, «KitPro» AFFA-nın çətiri altında qurulub və şəbəkəsini genişləndirib.

Federasiyanın bu şirkətin yaranmasında və gəlirlə çalışmasında birbaşa marağı var. Keçən dəfə bir dəlil qoymuşduq masanın üzərinə – «KitPro»nunAFFA-ya aidiyyatı olmasaydı, Dövlət Gömrük Komitəsinə göndərilən siyahıda bu şirkətin məhsulları qeyd edilməzdi.

Bu, artıq federasiya ilə «KitPro» arasında bağlılıq, əlaqə deməkdi. Futbol təsərrüfatına yaxın gəlmək istəyən, belə deyək, bu camiəyə üzv olub, qazanacağını bilən «x» bir kənar iş adamı/firma AFFA-ya müraciət etsə, Elxan Məmmədov həmin şəxsin, şirkətin məhsulların adını Gömrük Komitəsinə göndərərmi?

Dünyasında eləməz!

Çünki AFFA-nın xətti ilə ölkəyə gətirilən bütün növ inventarlardan (texniki təhcizat da bura daxildi) gömrükdə rüsum tutulmur.

Baş katib xarici səfərlər zamanı jurnalistləri restoranda görüb, onlara jest etməyən, quruca salamlaşıb keçən, yəni, yeməyin pulunu verməyən adamdı, razılaşarmı ki, «x» iş adamı AFFA-nın hesabına pul qazansın?

Bir halda mümkündü – şərik gedirlərsə.

«KitPro»nun təpəsindəki zat - Murad Nağıyev Elxan Məmmədovun çoxdankı tanışıdı. İkisinin də atası rəssamdı.

Ailə həyatı qurandan sonra - 2007-ci ildə Bakını Londona dəyişən, bu iki ölkə paytaxtı ilə yanaşı, «İST Holdinq»in rəhbərliyində yer alan yaxın qohumları vasitəsilə Rusiyada da özünə biznes quran Nağıyev Məmmədovun nəfsinə bələd olmasaydı, heç şübhəsiz, «KitPro»nu ərsəyə gətirmək ideyasının arxasınca düşməzdi.

Adam uzaqgörən, «fərasətliymiş»…

Klublardan istədiyi qədər pul qəbul edən kimi aradan çıxıb. Usta və incə tərpənib. Var da gedib, dövlət də!

Amma sifariş olunan məhsullardan yenə xəbər yoxdu. AFFA indi bir yol fikirləşir ki, necə eləsin, klubların texniki təhcizat poblemi həllini tapsın.

Alternativ geyim brendlərinə üz tutmaq - hələlik bunun üzərində dayanıblar. Hansı ki, ucuz mal satan şirkətləri Çində də, Türkiyədə də, Pakistanda da tapmaq mümkündü.

Məsələni müşkül edən klubların özünü razı salmaq deyil. Narazıların əsas maliyyə mənbəyi SOCAR-dı və Elxan Məmmədov bilir ki, neft şirkətində vəzifə sahibi olanların heç də hamısı onu sevmir.

«KitPro»ya ödənilən külli miqdarda vəsaitin müqabilində başqa şirkətlərin məhsulları ilə çatışmazlıqları ört-basdır eləməyin sonrası var axı.

Baş katib istəməz ki, ondan soruşulsun: dünya üzrə geyim istehsalı olan yüzlərlə şirkət var ikən, nə üçün pulların «KitPro»ya axmasına göz yummusan?

Adıçəkilən firma klublar qarşısında götürdüyü öhdəliklərin, heç olmasa, yarısını yerinə yetirsəydi, E.Məmmədov bu «əməliyyat»dakı marağını hansısa formada gizlədərdi.

Dostu ona elə atış gəlməyib ki, özünü kolun arxasına da verə bilsin. Sözün bütün mənalarında gecikib.

İnişil «Kəpəz»də üstü açılan maxinasiyalara görə başı pis ağrıyan E.Məmmədov indi ondan da ağır cəncəldədi.

O, həmin vaxt «gözəgörünməz qüvvə»nin sayəsində çulunu sudan quru çıxarmağa müvəffəq oldu. Hazırkı məqamda bunu etmək daha mürəkkəbdi. Bu səbəbdən ki, «KitPro»nun məhsullarının satışı zamanı gömrükdən rusum tutulmaması nəzərə alınmalıydı, «alınmayıb».

Rüsum tutulmayan malların maya dəyəri 30-36% aşağı düşməli olduğu halda, şirkət onları bazar qiymələrindən də yüksək rəqəmlərlə müştərilərinə sırıyıb.

Belədə təqribi hesabla aparmaq olar ki, E.Məmmədovu içinə alan «KitPro» klubların, dolayısı ilə neft şirkətinin büdcəsindən neçə yüzminlərlə artıq pul «sovurub».

Baş katibin barmağını qoyduğu hər işin üstü bəzək, altı təzəkdi. Biz hələ onun klubları zəlil edən «tender»lərinə toxunmamışıq. Bu barədə gələn dəfə yazacağıq.

SPORTİNFO.AZ

Xəbər Lenti