Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir

11 Avqust 2022 00:50 Köşə 1 391
Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir

Qarabağ atları dünyadakı başqa atlardan fərqlənir. Deyəcəksiniz ki, at atdı da, nə fərqi? Üç-dörd kəlmə ilə izah edim. Qarabağ atları ərəb atları kimi, ya ingilis atları kimi ucaboylu deyil, qıvraqdı. Qarabağa Orta Asiyadan gətirilib, həm Çingiz xanın dövründə, həm də Əmir Teymurun dövründə. Bu atlar xüsusi eyitilmiş atlardı. Əsl döyüş atlarıdı. Üstündəki igidlə bərabər düşmənlə çarpışmağı bacarır. Ön ayaqları ilə şahə qalxıb düşməni atdan salır, tapdaq-tapdaq edir, ağzı ilə parçalayır, ona çalınan qılıncdan sıyrılıb çıxa da bilir. Düzdür, ərəb atları qısa məsafədə bizimkiləri keçə bilir, amma uzaq məsafədə heç bir at bizimkilərə çata bilmir.

50-ci illərdə "Moskviç" təzə çıxanda Qarabağ atı onu keçə bilirdi, ona görə də hətta "Moskviç atlar" deyirdilər. Bir gözəlliyi də odur ki, yaxşı qaşovlayıb, gün işığına çıxaranda üstündə yüzlərlə abbası boyda qızıl pullar görünür, qızıl balıq kimi. Qarabağ atları barədə bu qədər bəsdi.

Dünən Qurban Qurbanovun köhlən atları "Ferentsvaroş" komandası ilə oyunda Çingiz xanın, Əmir Teymurun, Nadir şahın döyüş atları kimi çarpışdılar və rəqibi tapdaq-tapdaq elədilər. Ermənilərə işləyən bütün Rusiya mətbuatı, futbolçuları, məşqçiləri, mütəxəssisləri "Qarabağ"a yuxarıdan-aşağı baxırdılar, üstünlüyü Çerçesova verirdilər. Amma köhlən atlar necə tapdaq-tapdaq elədilərsə oyunun axırında altdan-yuxarı baxmağa məcbur oldular.

90 dəqiqə nallarından qığılcım qopurdu köhlən atların. Yorulmadılar, təngənəfəs olmadılar.

Qurban Qurbanov Hikmət Mirzəyev idi, oyunçuları da xüsusi təyinatlılar. Onlar da Azərbaycan bayrağını Avropanın paytaxtlarına sancırlar.

Mən oyundan bir həftə qabaq demişdim ki, "Ferentsvaroş"u tapdayıb keçəcəyik. Necə ki "Lex"i, "Sürix"i tapdalayıb keçdik. Allah qoysa "Viktoriya"nı da tapdayıb keçəcəyik və yenə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq.

"Qarabağ" təkcə 10 milyonluq bizləri yox, Yer üzündəki bütün türkləri sevindirdi. Bu həm də "Qarabağ"ın Konyada keçirilən İslam ölkələri Olimpiadasına bir ərməğanı oldu. Ordakı idmançılarımızı da ruhlandırdı. İnşallah, "Neftçi" də bu oyuna baxıb özünə inanar. Qısası, Qurbanın sağ əli "Neftçi"nin adı dilimə yatmayan baş məşqçisinin də başına.

Qurban hər oyunu şəhidlərimizə və qazilərimizə ithaf edir. Allah onu və komandasını şəhidlərin ruhu qarşısında və qazilərimizin yanında heç vaxt utandırmasın.

Qələbə üçün qurban demişdim, bu bazar Ağcabədidə, kəndimizdə Seyid Heydər ağanın pirində kəsdirib İmam ehsanı verəcəm. Hamının qurbanları qəbul olsun.

Tanrı Qurbanı və "Qarabağ"ın köhlən atlarını qorusun!

Aqil Abbas

Xəbər Lenti