Göz verib, işıq vermədilər – "Qarabağ"ın ən ağır "imtahan"ı

22 Oktyabr 2021 16:00 Köşə 1 997
Göz verib, işıq vermədilər – "Qarabağ"ın ən ağır "imtahan"ı

«Qarabağ»ın builki avrokubok marofonu, göz dəyməsin, yaxşı davam edir.

Konfrans Liqasının H qrupunda yer alan Ağdam klubu ilk 3 turdan sonra «Bazel»lə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Aktivində 7 xal olan «Qarabağ»ın pley-off mərhələsinə vəsiqə qazanmaq şansı xeyli artıb. Daha bir qələbə tarixi nəticəni Qurban Qurbanovun və futbolçularının ayağına gətirəcək.

«Kayrat» və «Omoniya»nın xalı hələlik 1-dir, bunu da rəqiblər öz aralarınıda keçirilən oyunda qazanııblar.

«Kayrat» qalibiyyətə həsrət qalsa da, çəkinmədən deyərdim ki, «Qarabağ» dünən onlarla cari sezonun ən ağır 90 dəqiqəsini keçirdi.

Qazaxıstandan gəlmiş qonaqlar «Bazel»dən də güclü müqavimət göstərdi. «Qarabağ»ın isveçrəlilərlə matçda fərqlənmək üçün xeyli qol imkanı olmuşdu, «Kayrat» ötən gün bu fürsəti də çox vermədi onlara.

Fiziki cəhətdən güclü, atletik futbol ənənəsinə söykənən üslubu ilə «Qarabağ»a əvvəldən-axıra «diş» göstərdilər. Xüsusən də ilk hissədə.

Aldadıcı 3-5-2 taktiki sxemi ilə meydana çıxıb, oyunun gedişində dəfələrlə B və C variantlarına keçid edən, ev sahiblərini ikinci zonada qarşılayan, əks-hücumlarda sürətli tərpənən, həm ortadan, həm də cinahlardan keçidlərə üstünlük verən, bu zaman ara ötürmələrindən yararlanan «Kayrat»a «Qarabağ» fərqli nəsə təklif eləməyə çətinlik çəkirdi.

Hardasa bir narahatlıq, bir çaşqınlıq, bir kəsərsizlik var idi komandada. Hündürboy futbolçulardan qurulu «Kayrat»ın nizamlı, sanki kodlaşdırılmış oyun tərzi Kantenin penalti qazanması və bü fürsəti dəyərləndirməsi ilə başa çatdı.

Fasiləyə qədər olan bölüm, eləcə də, ikinci yarının ilk 25 dəqiqəsi «Qarabağ»ın geridönüş etməsinə ümid vermirdi. Düzdür, ara-sııra qonaqların müdafiə xəttini yarmaq mümkün olurdu, amma bu epizodlarıın hamısı yüzfaizlik deyildi, yarımçıq alınırdı.

İbrahimma Vadjinin sərbəst zona topa bilməməsi, Abdulla Zubirin «bloklanması», üstəlik, Flip Ozorbiçin oyunun alınmaması göstərirdi ki, Kurban Berdiyev «Qarabağ»ı yerli-yataqlı incələyib.

«Kayrat»ın Avropaya yaxşı tanış olan baş məşqçisinin təcrübəsinin köməyi ilə azərbaycanlı həmkarını «dalana dirədiyini» deməliyik.

Amma ona da Qurban Qurbanov deyərlər, növbəti ağır «imtahan»dan uğurla ayrılmağa özündə güc tapdı. Vaxtında düzgün əvəzləmələr etməklə.

Ramil Şeydayevlə Riçard Almeyda «Qarabağ»ın oyununa keyfiyyət və məhsuldarlıq gətirdi. «Kayrat» ikinci hissədə tamamilə qapanıb, ondan gözləniləni və gözləniləni etməklə kifayətləndi.

Topa nəzarəti ələ almaq niyyəti güdmədilər, Zubiri cərimə meydançası daxilində qarşılamaq məcburiyyətində qaldılar. Patrik Andrade – qarşılaşmanın iki gizli qəhrəmanı varsa, biri də odur.

Bu qələbəyə səliqəlt, intizamlı və «qara işi» ilə inanılmaz qatqı verdi. Şübhəm yoxdur ki, Qurbanov onun faydalı iş əmsalını hər dəfə görüncə, ürəyində öz-özünə «mən nə yaxşı, Andradeni komandama gətirdim» deyib.

O, meydanda olmasa, «Qarabağ» çox şey itirər. Həqiqətən dəyərli, maraqlı və işküzar futbolçudur. Ucuz və keyfiyyətli - gətirəndə də gərək beləsini tapıb gətirəsən.

Xəzər Hikmət

Xəbər Lenti