Oyundan kənar vəziyyət

18 İyun 2021 14:40 Köşə 1 465
Oyundan kənar vəziyyət

Azərbaycanda idmana dövlət səviyyəsində, yüksək qayğı vardır, o üzdən idmanın kraliçası sayılan yüngül atletikada yetişdirdiyimiz faktiki yeganə kral idmançımız olan Ramil Quliyevi didərgin saldıq.

Çıxdı getdi Türkiyəyə, Türkiyə bayrağı altında 200 metrə qaçışda dünya çempionu oldu.

Yanılmıramsa, bu kateqoriya üzrə yeganə türk çempiondur. Adam Hüseyn Boltla yanaşı qaçırdı, bizdə isə ona yer olmadı. Bir kinomuzdan sitat gətirsək, “Çörçill bundan geyinirdi”... İndi yadıma sala bilmirəm, Ramil Quliyev küsüb gedən il bizim atletika federasiyasına hansı oliqarx-naziri müdir qoymuşdular?

Əşşi, heç yadımıza salıb dilxor olmayaq (üstəlik, Türkiyə də yeri gələndə bizim dövlətdir, yad yerə getməyib, təskinlik üçün bəsimizdir). Qılıncoynadanlarla arvad voleybolunu keçmiş nazir Ziya müəllimin nəqliyyat müfəttişləri yönləndirirdi bir aralar. Taksi şoferlərini lomla döyəndən sonra fasilədə məşqlərə qatılırdılar. Əbülfəs müəllim dama işinə baxırdı. Dama-dama göl elədi axırda. Fazil müəllim güləşə baxırdı, kürəyini yerə vurana qədər camaatın vergidə beli qırıldı.

Futbol tariximizdə beş-on nəfər babat oyun göstərən adam olubsa, onlardan biri Səmədağa Şıxlarov idi. Sovet vaxtı azarkeşlik edənlər onun sürətli driblinqlərini yaxşı xatırlayırlar. Koloritli adam idi. Bu yaxında Bakının İnqilab küçəsiylə Azadlıq küçəsinin kəsişməsində yolu keçəndə Şıxlarovu maşın vurub öldürdü. Ancaq ona baş sağlığı futbol idarəmizdən deyil, ... Azərbaycan Həndbol Federasiyasından gəldi. Şıxlarovu futbol məşqçisi işləməyə qoymamışdılar, o da gedib həndbolda çalışırmış. Bir neçə il qabaq intervüsü çıxmışdı: “Məni futboldan uzaqlaşdırdıqları üçün Azərbaycan futboluna nifrət edirəm”.

Əlbəttə, indi federasiyadan kimsə çıxar, deyər ki, boş-boş danışırsınız, əslində Şıxlarovun futboldan qandığı qrafa yox idi, bizə Berti Foqts kimi mütəxəssislər lazımdır. Cavabında nə sözümüz olar? Doğrudan da Şıxlarovun üstündə neçə manat silə bilərdin ki? Bizə maşın altda qalan idmançılar yox, maşınla süpürgəçi vuran idmançılar lazımdır.

Şəhriyar Məmmədyarov dünyanın ilk onluğundakı iki şahmatçımızdan biridir. Qürur yerimizdir. Özü də orijinal, riskli, çox maraqlı oyunuyla dünya şahmatındakı sönüklüyə bir rəng qatmış adamdır. Bunu hazırda hər yerdə etiraf edirlər. Üzr istəyirəm, “hər yerdə”ni səhv yazdım. Bircə Azərbaycan “Şah”ın (şahmat aləmində Məmmədyarovun ləqəbidir) uğuruna sevinmir. Əcaib işdir. Anlamaq olmur onun paxıllığını kim çəkir, nə üçün çəkir. İki gün qabaq çox nüfuzlu turnirin qalibi olub. FİDE reytinqində top-10-dakı 7 şahmatçının qatıldığı turnirdə birinci yeri tutub, ancaq bizim Şahmat Federasiyasından quru təbrik də almayıb! İnanılmaz hadisədir. Güman edə bilərik ki, federasiya prezidenti Elman müəllimin başı manatı möhkəmləndirməyə qarışıbdır. Bəs qalan işçilər nə ilə məşğuldur? Bu nə hörmətsiz münasibətdir “Şah” həzrətlərinə? Qədim zamanlarda belə şeylərə görə naiblərin boynu vurulardı.

Ancaq gəlin çox pessimist olmayaq, hər halda ölkəmizin paytaxtı futbol üzrə Avropa çempionatına ev yiyəliyi edən 10-15 dövlətdən bir seçilmişdir. Fəxr edirik. Eyni zamanda, yarışa gələn komandaların ikinci, üçüncü heyətlərindən kimlərisə tutub saxlaya bilərik. Milli çempionatda haçana qədər 8 komanda yarışacaqdır? Hələ bunun hamısının sponsorunun 1 şirkət olduğunu qırağa qoyuram. Bizə yeni komandalar lazımdır. Azarkeşlərdən də ilişdirib tutmaq olar. Düzdür, uelslilər Berti müəllimin yerini vermir, ancaq yoxa lənət. Buna da şükür.

Futbol yox, Avropa çempionatı keçirdik, maşın istehsalı sıfıra yaxın, “Formula”mız olur. Qaçanı qova-qova namərd elədik. Şahmatın “Şahı” var, ona da təbrik düşmür və yazıq mat qalıb. Oyunda yox, kənarda mat eləmişik. Nə qəribə ölkədir...

Zamin HACI

Xəbər Lenti