“Deportivo” və “San Martin de San Xuan” komandalarının sabiq yarımmüdafiəçisi Amadu Qaye Vinisius Junior və Canluka Prestianni ilə bağlı münaqişəni şərh edib.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda 1:0 hesabı ilə qələbə qazanan “Real”ın vingeri “Benfika”nın futbolçusunu ona “meymun” deməkdə günahlandırmışdı.
Bundan sonra UEFA araşdırma başlatdı və argentinalı oyunçunu müvəqqəti olaraq diskvalifikasiya etdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaye, bunun iyrənc olduğunu bildirib:
“Bu, iyrəncdir. Mən də bənzər hallar yaşamışam. Mənə də belə sözlər deyilib: “Baxın, elə bil aslanlardan qaçır” və ya, “üçüncü ayağı ilə zərbə vuracaq”. Hətta mənə banan atıblar.
Ona görə də 2014-cü ildə Dani Alveşin (“Barselona”nın sabiq futbolçusu) “Vilyarreal” – “Barselona” oyununda etdiyi kimi, mən də bananı soyub yedim.
Belə etməlisən, yoxsa daim hər kəsə qarşı mübarizə aparmalı olacaqsan”.
Qaye vurğulayıb ki, rasizmə qarşı doğru reaksiya göstərmək həm futbolçu, həm də insan kimi möhkəm durmaq deməkdir.

