“Şamaxı” ilə oyundan sonra “Qarabağ”ın futbolçularına, necə deyərlər, “bıçaq vursaydın, qan çıxmazdı”.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə bölgədə yerli komandaya 1:2 hesabı ilə uduzan komandanın üzvləri olduqca kefsiz və narahat görünürdü.
Həmin matçda əsas heyətdə yer almış Sami Mmaee Sportinfo.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirdi.
- Yorğunluq, yoxsa məyusluq?
- Uduzmuşuqsa, deməli, məyusluqdur.
- Belə havada futbol oynamağa münasibətin necədir?
- Əlbəttə, çətin şərtlər altında mübarizə aparırdıq. Bəzən topu, bəzən komanda yoldaşını görmək mümkün olmurdu. Lakin şərtlər hər iki komanda üçün eyni idi. Duman bəhanə ola bilməz. Yaxşı oynamadıq və uduzduq. Daha yaxşı oynamaq imkanımız var.
- “Şamaxı” sizi uduzmağa məcbur etdi, yoxsa öz səhvlərinizə görə sonluq belə oldu?
- Rəqib xüsusi heç nə etmədi. Gözlədiyimiz oyunu göstərdilər. Dediyim kimi, biz yaxşı oynamadıq.
- Qurban Qurbanovun paltardəyişmə otağında əhvalı necəydi?
- Təbii ki, əsəbi idi. Tək o, yox, bütün komanda.
- Sıx qrafik altında meydana çıxmağınız fiziki və psixoloji baxımdan problem yaradır? Bugünkü məğlubiyyətdə bunun nə dərəcədə rolu var?
- Əlbəttə, müəyyən təsiri var. Yüklənmək, bərpa olunmq, yenidən növbəti oyuna hazırlaşmaq – bunları 3 gün ərzində etmək heç də asan deyil. Ancaq heyətimiz genişdir, rotasiyalar hesabına bütün hallara hazır olmalıyıq.
- Fevralın 10-da “Şamaxı” ilə Premyer Liqanın 19-cu turu çərçivəsində üz-üzə gələcəksiniz. Bu oyundakı məğlubiyyət həmin qarşılaşma üçün motivasiya sayıla bilər?
- Bu gün bərbad oynadıq, səhvlərə yol verdik. Vəziyyəti xeyrimizə dəyişib, daha yaxşı işlər görmək üçün çalışmalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
HƏBİB

